![]() |
![]() ![]() |
AYB.az saytı xəbər verir ki, oktyabr ayının 16-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Vahid Məhərrəmovun “Hər addım uğrunda” kitabının imza günü keçirilib.
“Qanun” nəşriyyatında çap olunan kitabda müəllifin müxtəlif vaxtlarda qələmə aldığı və mövzusu neçə illərdən bəri ağrı-acısını yaşadığımız Qarabağ müharibəsindən götürülən hekayələri, povesti və torpaq həsrətli, yurd nisgilli publisist məqalələri yer alıb. Əsərlərdə top-tüfəng səsi, insan qəlbinin fəryadı, onun ah-naləsi, acı göz yaşları və həm də işıqlı, nurlu sabahlara ümid çırağı yandıran qığılcım bizi müşayiət edir. Müharibənin insanlara verdiyi əzablar, yandırılmış yurd-yuvalar, düşmənin amansızlığı, vəhşiliyi və qəddarlığı yaddaqalan səhnələrlə kino lenti kimi gözlərimizin qarşısında canlanır.
Təqdimat mərasimində Nemət Veysəlli, Vaqif Yusifli, Qəşəm Nəcəfzadə, Rəşid Faxralı, Südabə Ağabalayeva, Zemfira Məhərrəmli, Təranə Vahid və başqaları çıxış edərək müəllifi yeni kitabının nəşr olunması münasibətilə təbrik ediblər, ona yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin sonunda çıxış edən Vahid Məhərrəmov imza gününün keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara minnətdarlığını bildirib.
AYB.az
Məlahət Qənbərova