AYB.az saytı xəbər verir ki, oktyabr ayının 10-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gülşən Behbudun “İcazə ver ölüm...” kitabının imza günü keçirilib.

 

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru Əli Aslanoğludur. Kitabda müəllifin son illərdə yazdığı şeirlər və hekayələr toplanmışdır. İnsan və həyat münasibətlərinin müxtəlif çalarları müasir təfəkkür süzgəcindən süzülərək real bədii boyalarla oxucuya çatdırılan topluda fikir aydınlığı və sözün səmimiyyəti diqqət çəkir. İnsanpərvərlik, xeyirxahlıq, saf məhəbbət, vətən sevgisi kitabdakı şeir və hekayələrin əsas mövzusunu təşkil edir.

Tədbiri giriş sözü ilə açan Xəyal Rza qonaqları salamladıqdan sonra Gülşən Behbudun yaradıcılığı haqqında danışıb, təqdim olunan kitab haqqında fikir və düşüncələrini iştirakçılar ilə bölüşüb.

Xalq şairi Fikrət Qoca yazara yaradıcılığında uğurlar diləyib: “Şeirlərini oxuya-oxuya öyrəndim ki, Gülşən Behbud Ağdamdandır. Onun narahat ürəyinin altında Ağdam boyda bir dərd yanır. Bu dərd səni şair edəcək qızım. Oxu, çalış, calış özün özünü yarat!”

“Gülşən Behbudun şeirlərində böyük bir həsrət var və o həsrət, əslində təkcə bir qəlbin həsrəti deyil, həm də poeziyanın həsrətidir. O, bütün hisslərini, duyğularını şeirlərində tam səmimi şəkildə ifadə edir, həm də şairin poetik məharətini sübut edən təşbihlərlə, istiarələrlə” – bu fikirləri tədbirdə tənqidçi Vaqif Yusifli səsləndirib.

Təqdimat mərasimində Fərqanə Mehdiyeva, Quu Ağsəs, Tahir Əkbər, Südabə Sərvi, İmruzə Hüseynova, Aydın Xan və başqaları çıxış edərək Gülşən Behbudu yeni kitabının nışr olunması münasibətilə təbrik ediblər, müəllifə yaradıcılıq uğurları arzulayıblar.

Sonda çıxış edən Gülşən Behbud imza gününün keçirilməsində görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkür elədi, kitabını imzalayaraq oxucularına payladı.

 

AYB.az

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə