Oktyabr  ayının 9-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc yazıçı Pərvinin “Söhbətlər” ( ön sözün müəllifi xalq şairi Fikrət Qoca), türkcə “Balerin” (tərcüməçi İmdat Avşar, ön sözün müəllifi xalq yazıçısı Anar), rusca “Dlya Samira” (ön sözün müəllifi xalq yazıçısı Anar) kitablarının təqdimat mərasimi keçirilib.

 

    Tədbiri giriş sözü ilə açan Rəşad Məcid gənc yazıçı Pərvinin yaradıcılığı haqqında iştirakçılara məlumat verib: “Pərvin Azərbaycan Yazıçılar Birliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin məzunudur. Gənc yazıçı 2010-cu ildən AYB-nin üzvüdür. Ədəbi mühitə gəldiyi ilk vaxtlarda mətbuatda esselər, kiçik hekayələr, publisistik məqalələrlə çıxış edib. Yazıları “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” dərgilərində, “525-ci qəzet”, “Zerkalo” qəzetlərində işıq üzü görüb.

    Gənc yazar “Qar yağacaq” kitabına görə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb. “Balerina” povesti isə ölkəmizdə keçirilən Milli Kitab Mükafatının ikincisi olub.

    2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Pərvin ədəbiyyat üzrə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb”.

    Xalq şairi Fikrət Qoca  Pərvini istedadlı gənc yazar kimi dəyərləndirdi: “Pərvin istedadlı bir gənc yazardır. İndi yazar sözü onun üçün sözlərin ən uyğunudur. Gəncdir, istedadlıdır, hələ yolun əvvəlindədir. Zaman onun istedadından yonub nə düzəldəcək onu gələcək zaman bilir, bir də Pərvin özü bilir. Mən Pərvinə yaradıcılıq uğurları arzulayıram”.

    “Pərvin müasir Azərbaycan ədəbiyyatının cəfakeş üzvlərindən biridir” –  bu fikirləri tədbirdə çıxış edən Azərbaycan  Pedaqoji Universitetin  “Ədəbiyyat tarixi” kafedrasının müdiri Himalay Qasımov səsləndirib.

    Qəzənfər Paşayev çıxışında Pərvini həddən artıq təvəzökar, sadə, mehriban, geniş dünyagörüşə malik bir yazar kimi xarakterizə edib.

    Vaqif Yusifli çıxışında Pərvinə bir hekayəçi kimi nəsr sahəsində yaradıcılığını davam etdirməsini arzuladı: “İstedad sözü birinci sırada durur. Pərvin hekayələrində böyük mətləblər verir, insan talelərini işıqlandırır. Hekayə qəhrəmanları adi insanlardır, amma onların içində bir işıq var. Pərvin müsahibə janrına da bir yenilik gətirib. O,  həm də elm üçün yaranmış bir xanımdır. Onun sevgi şeirləri haqqında yazdığı yazıları xüsusilə qeyd etmək lazımdır”.

    İlqar Fəhmi çıxışında Pərvinin jurnalist kimi fəaliyyətindən söz açıb: “Jurnalist müsahibə alırsa qarşısındakı insanı sevməlidir. Həmsöhbətini sevməlisən ki, onun maraqlı cəhətlərini göstərə biləsən. Bu yazardan böyük ürək tələb edir. Pərvin müsahibə zamanı həmsöhbətlərinin arxasında gizlənir, sualdan-suala həmsöhbətinin iç dünyasını açır. Bu bizim jurnalistikada nadir rast gəlinən hallardandır”.

    Xalq yazıçısı Anar Pərvini yeni kitablarının nəşri münasibətilə təbrik edib: “Hər bir gözəl əsərə sevinirəm. Əgər əsərin müəllifi azərbaycanlıdırsa ikiqat sevinirəm. Əsər gənc bir ədibin qələmindən çıxıbsa üçqat sevinirəm. Pərvin çox istedadlı, ağıllı, zəhmətkeş yazardır, işıqlı insandır. Onun yazılarında da işıq var”.

    Təqdimat mərasimində Cahangir Məmmədli, Rafiq Yusifoğlu, Ramiz Həsənoğlu, Əli Əmirli, Tofik Məlikli, Elman Quliyev, Təranə Əzimli, Yaqub Babayev çıxış edərək Pərvini yeni kitablarının işıq üzü görməsi münasibətilə təbrik ediblər, onun yaradıcılığı, kitablarının məziyyətləri haqqında danışıblar, gənc yazara yaradıcılığında uğurlar arzulayıblar.

    Tədbirin sonunda çıxış edən Pərvin ona çox unudulmaz bir gün yaşatdıqları üçün çıxış edənlərə, iştirakçılara təşəkkürünü bildirib: “Mən hər zaman mənə göstərilən etimadı doğrultmağa çalışmışam. Yaradıcılıqları ilə böyüdüyüm, heyranı olduğum insanların mənim yaradıcılığım, kitabların haqqında söz demələri, yazı yazmaları mənim üçün çox böyük hadisədir, məsuliyyətdir”.     

 

AYB.az

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə