Kəmaləddin Qədimin “Daha sonumu yazıram”

kitabının imza günü

 

 

  AYB.az xəbər verir ki, oktyabr ayının 8-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Kəmaləddin Qədimin “Daha sonumu yazıram” kitabının imza günü keçirilib.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza qonaqları salamladıqdan sonra Kəmaləddin Qədimin yaradıcılığı haqqında fikirlərini iştirakçılarla bölüşüb: “80 yaşlı Azərbaycan Yazıçılar Birliyinin qoruyub saxladığı ən dəyərli adət-ənənələrdən biri də kitab təqdimatıdır. Müəllifin soyadı Qədim olsa da, o, müasir şairlərimizdəndir. Onun şeirləri yaz əhval-ruhiyyəsi ilə yazılıb. Kəmaləddin Qədim məhsuldar şairdir”.  Kitabı canlı ağaca bənzədən Xəyal Rza çıxışını şairin “Adamı” şeirini oxamaqla yekunlaşdırıb.

    Tədbirin aparıcısı şairə Fərqanə Mehdiyeva otuz il bundan əvvəl yazdığı şeiri ilə tanınan Kəmaləddin Qədimin poeziyası haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: “Kəmaləddin Qədim Azərbaycan poeziyasında yeri olan, bu zalda böyük ürəklə oturmağa, şeir oxumağa haqqı olan şairlərimizdəndir”.

    ”Kəmaləddin Qədim poeziyası öz duruluğu, sadəliyi, bədii hikməti, oxucunu özünə çəkə biləcək həqiqətiylə seçilən bir poeziyadır. Sözlər, kəlmələr, misralar elə təbii, elə aydındır ki, bu şeirlərdə küləyin, yağışın, uçan quşun və insanın içində cücərən sevdaların səsini duyursan. Şair şeirləriylə içində yaşadığımız dünyaya ayna tutur” – bu fikirləri “Daha sonumu yazıram” kitabının redaktoru Səlim Cəfərov səsləndirib.  

    Təqdimat mərasimində Musa Urud, Ramiz Qusarçaylı, Vaqif Yusifli, Aləmzar Sadıqqızı, Oqtay Rza və başqaları çıxış edərək Kəmaləddin Qədimin poeziyasından, insani keyfiyyətlərindən söz açıblar, şairi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər, yaradıcılıq uğurları arzulayıblar.

    Tədbirin sonunda çıxış edən Kəmaləddin Qədim imza gününün keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkür edərək, yeni kitabını imzalayaraq oxuculara təqdim edib.


AYB.az
Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə