Oktyabr ayının 1-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda klassik irsin araşdırıcısı, şair, qəzəlxan Hacı Mailin xatirə gecəsi keçirildi.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qonaqları salamladıqdan sonra Hacı Mailin həyat və yaradıcılığı haqqında danışdı: "Hacı Mailin həyatı ilə şəxsiyyəti, yaradıcılığı üst-üstə düşür. Onun yaradıcılığı şəxsiyyətini, şəxsiyyəti yaradıcılığını tamamlayırdı. Hacı Mailin əsərlərinin işığı içimizdədir. Azərbaycanın istənilən bir guşəsində insanların ürəyində Hacı Mailin obrazı, portreti qalıb”. İlqar Fəhmi çıxışının sonunda əsərləri ilə Hacı Mailin unikal psixoloji portretini yaradan Sona Xəyala təşəkkür etdi.

Sona Xəyal çıxışında Hacı Mail haqqında xatirələrini yada saldı: "O, 1990-cı ildə "Məcməüşşüəra" ədəbi məclisini bərpa etmiş, onun sədri olmuşdur. Daha sonra ömrünün sonuna kimi 1994-cü ildə yaradılmış "Füzuli ədədbi məclisi”nin sədri kimi fəaliyyət göstərmiş və bu məclisdə bir sıra şairlərin yetişməsində böyük rolu olmuşdur".

Tədbirdə çıxış edən AMEA-nın əməkdaşı Tərlan Quliyev Hacı Mailin Azərbaycan ədəbiyyatşünaslığındakı xidmətlərindən söz açdı: "Hacı Mailin mətnşünas kimi ən böyük xidməti Füzulinin qəzəllərini Azərbaycan dilinə tərcümə edib xalqa çatdırmasıdır. O, qəzəl ədəbiyyatını ölməyə qoymadı, klassik poeziyada gördüyümüz qəzəl atributlarını topladı. Hacı Mailin şeirləri onun şəxsiyyətinin ifadəsidr. "Mailin ünvanı Vətəndir" deyən şair nə qədərki ədəbiyyat var, şeir var, hər zaman yaşayacaq".

Urmiyada nəşr olunan "Dəniz" qəzetinin baş redaktoru Mustafa Quluzadə çıxışında 2015-ci ildə Hacı Mailin 80 illik yubileyi ərəfəsində İranda şairin divanının nəşr olunacağını vurğuladı.

Xatirə gecəsində rəssam Fəxrəddin Əliyev, musiqişünas Vaqif Əliyev, Arif Ramazanov, Şəlalə Ana, Hacı Arif Soltanlı, Zahir Adiloğlu və başqaları çıxış edərək ədəbiyyatşünas, mətnşünas alim, şair Hacı Mail haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

Tədbirdə "İRS" komissiyasının sədri Sona Xəyalın "Hacı Mail hikməti" kitabı tədbir iştirakçılarına təqdim olundu. "MBM" nəşriyyatında nəşr olunan kitaba müəllifin Hacı Mail haqqında müxtəlif illərdə çap olunmuş məqalələri toplanmışdır.

Mərasimin sonunda Hacı Mailin oğlu Mustafa Əliyev çıxış edərək atasının xatirəsini yad etdikləri üçün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirdi.

AYB.az
Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə