Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, sədrin müşaviri Rauf Aslanov, kadrlar idarəsinin rəisi Arifə Əliyeva və mətbuat xidmətinin rəhbəri Xəyal Rza Gəncəyə səfər ediblər. Qurum nümayəndələri öncə Ağdaş rayonunda dəfn edilmiş şair, rəssam Adil Mirseyidin məzarını, daha sonra isə uzun illər Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə sədrlik etmiş şair Məmməd Alimin məzarını ziyarət ediblər.  

 

Sonra Gəncə Dövlət Universitetində təşkil edlimiş tədbir baş tutub. Xəzangül Hüseynova ədəbi ictimaiyyətə təqdim olunub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Sevda Qurbanəliyeva təbiri açıq elan edərək qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra İlqar Fəhmi Xəzangül Hüseynova haqqında söz açıb. Onun yaradıcılığı ilə bağlı danışıb. Arifə Əliyeva kaitbliyin qərarı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdıqdan sonra üzvlərdən qərara öz münasibətlərini bildirmələrini xahiş edib. Çıxış üçün söz alan AYB üzvləri Xəzangül Hüseynovanın namizədliyini dəstəklədiklərini və verilən qararın onların ürəyincə olduğunu bildiriblər.

Qeyd edək ki, Gəncə bölməsinin sədri Məmməd Alim avqustun 29-da qəflətən dünyasını dəyişib. M.Alim 1989-cu ildən AYB-nin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı.

Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Borçalı qəzasının Qirixlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitunun Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. 7 kitab müəllifidir. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. 2008-ci ildə Türkiyədə "Bitmeyen Hazan" (Ankara-2008 "Bengü" nəşriyyatı) adlı kitabı çap edilib. "Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncə C.Cabbarlı adına dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən Avrasiya Yazarlar Birliyinin üzvüdür.

 

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə