İyunun 22-də axşam saatlarında "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, yazıçı-publisist Sara Nəzirova vəfat edib. Bu barədə məlumatı "kulis.az"a yaxınları bildirib.

   Yazıçı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

   Sara Nəzirova 1944-cü il dekabrın 29-da Oğuz rayonunda anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı qurtarıb. 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbinin diplomunu alıb.

   1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə SSRİ Yazıçılar İttifaqına qəbul olunub. 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləyib. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışıb.

   1988-ci ildən Azərbaycan Yazıçılar Birliyində işləyib, "Azərbaycan" jurnalının nəsr şöbəsində çalışıb.

   1983-cü ildə "Terrakota", 1986-cı ildə "Qədir ağacı", 1992-ci ildə "Tale damğası", 1990-cı ildə "Nağıl nabatı", 1996-cı ildə "Beton evdən yazılar", 2007-ci ildə "Əşrəf Muradoğlu" və başqa kitabları çap olunub.

   Ssenariləri əsasında "Azərbaycanfilm" kinostudiyasında "Batmış şəhərin incəsənəti", "Nar nağılı", "Qəsd", "İçərişəhərin hamamları", "Dost dosta tən gərək", "Üfüqü ötənlər" filmləri çəkilib.

   Sara Nəzirovanın "Nağılını göstər", "Mərd körpüsü", "Qayıt", "Sözün sehri" pyesləri tamaşaya qoyulub.

   Əsərləri rus, ukrayna, ingilis, ispan, çin və s. dillərdə nəşr olunub.

   9 may 2012-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə