![]() |
![]() ![]() |
Məlahət Xəlilova: “İnternetləşən cəmiyyətlərin səpildiyi şəhərlərilə birlik içərisində yaşamağı aşılayan idealizm birliyin yaratdığı ortaq duyğuları dilə gətirməyi qarşısına məqsəd qoyub”
OLAYLAR İA/ Mayın 22-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” adlı layihəsi çərçivəsində “Poeziya sahəsində ədəbi cərəyanların təsnifatlaşması və onların yeri” mövzusunda mətbuat konfransı keçirib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məlahət Xəlilova növbəti dəfə postmodernist yazarların milli ədəbiyyat ənənələrinə qarşı olmalarını tənqid edib. M.Xəlilova bildirib ki, postmodernizm poeziyaya gətirildikdən sonra yazılan bir sıra şeirlərdə küçə dilindən istifadə edilir. O, qeyd edib ki, XX əsrin əvvəllərində İtaliyada bu tip şeirlərdən istifadə olunurdu. Məlahət Xəlilovanın sözlərinə görə, özlərini “gələcəkçilər” (futurizm) adlandıran bu tip yazarlar poeziyaya gətirdikləri yeni dillə Mussolininin hakimiyyətinin möhkəmlənməsinə xidmət edirdilər: “1917-ci il inqilabından sonra Rusiyada da belələrinə üstünlük verilirdi. Lakin Mayokovskinin ölümü ilə “gələcəkçilər” öz təsirlərini itirdilər. Futurizmin ən görkəmli nümayəndələri Lavrins və Covanni Papinidir. Əsərlərində məntiqi tamamilə rədd edən bu cərəyanın yazarları sözün tamamilə azad olmasına inanırlar. Onlara görə, istənilən sözlə özünü ifadə etmək mümkündür. Futurizmin poeziyaya gətirilməsilə, şeirlərdə ənənəvi qaydalar ləğv edilir”. Layihə rəhbəri qeyd edib ki, indiki mühitdən fərqli olaraq, 90-cı illərin əvvəllərində Azərbaycan şairlərinin şeirlərində estetik ideallara bağlanma, onların əsərlərini sevmək, üslublarını mənimsəmək tendensiyası vardı. Həmin şairlər insanlara yeni bir düşüncə işığı vermək yolunda çox böyük səylər göstərirdilər. Şeirlər əslində cərəyanları deyil, insanları birləşdirən nöqtələr üzərində dayanmalıdır. Poeziyada etik dəyərlərə zərbə vuran cərəyanları inkişaf etdirmək əvəzinə humanizm prinsipləri aşılanmalıdır”. Ədəbi tənqidçi Mənsur Rəğbətoğlu isə qeyd edib ki, ədəbiyyat adına olan hər gözəl əsərə qiymət verilməlidir. Əsərin hansı izmə aid olmasının heç bir mənasının olmadığını deyən M.Rəğbətoğlu hesab edir ki, ən vacibi isə yazıçı, ya şair sözlə klass göstərməyi bacarmalıdır. Çıxış edən müstəqil yazar Yeqzar Cəfərli bildirib ki, hər hansı şair, yaxud yaxıçı müəyyən bir cərəyana xidmət edirsə, onda bu cərəyanlar yaranmazdan qabaq şair və yazıçılar olmayıb. Y.Cəfərli hesab edir ki, yazıçı əsərini qələmə alarkən onun hansısa cərəyana aid olmasını düşünmür. Yazarın sözlərinə görə, indi müəyyən yazıçı və şairlər əsər qələmə alarkən hansısa bir cərəyanı əsas götürülər, onun ətrafında yazırlar. “Azad qələm” qəzetinin baş redaktoru, şair Nəcibə İlkinin sözlərinə görə, Məlahət Xəlilovanın çıxışında ədəbiyyatda humanizm və realizm prinsiplərinin inkişaf etdirilməsinə dair fikirləri təqdir ediləndir. N.İlkin qeyd edib ki, realizmin kökündə həyat həqiqətləri və fəlsəfi düşüncələr dayanır. Baş redaktor hesab edir ki, ədəbiyyatda bu qanunauyğunluqlar özünü doğrultmur. Yazıçı Qiyas Əyyub qeyd edib ki, müstəqillik illərinin əvvəllərində daha çox boz, bulvar ədəbiyyatı yaranmağa başladı. Ə.Qiyasın sözlərinə görə, bu qeyri-etik ədəbiyyatın bir neçə illər boyu davamlı şəkildə gənclərin arasında yayılmasına gətirib çıxardı: “Son 5-6 ildə isə bu meyllər kəskin şəkildə azalıb. Bəzi adamlar özlərinin qeyri-peşəkar əsərlərilə ədəbiyyata lehimləmək istəyirdilər. Amma bunlar alınmadı. Həmin ədəbi qruplaşmalar və cərəyanlar biri-birlərini nə qədər dəstəkləsələr də Azərbaycan oxucusu yaxşını pisdən ayırmağı bacarır”. (“OLAYLAR” İA)