Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gürcüstanda yaşayıb-yaradan tanınmış şair-publisist Rəşid Faxralının 60 illik yubileyi qeyd edilmişdir.
AzərTAc xəbər verir ki, AYB-in aylıq orqanı olan “Azərbaycan” jurnalının şöbə müdiri, şair Qəşəm Nəcəfzadə Rəşid Faxralının yaradıcılığından söhbət açmışdır. O, Rəşid Faxralını istedadlı şair və jurnalist olmaqla yanaşı, həm də Azərbaycan-gürcü ədəbi əlaqələrinin genişlənməsində böyük xidmətlər göstərmiş qələm adamı kimi dəyərləndirmişdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva, filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli və başqaları Rəşid Faxralının şeir və poemalarında Vətən sevgisinin, müasir dövrün aktual məsələlərinin əks etdirildiyini vurğulamış, onun yüksək poeziya mədəniyyətinə malik olduğunu qeyd etmişlər.
Hərbi jurnalist Şəmistan Əlizamanlı yubilyarın şair, jurnalist, tərcüməçi olmaqla yanaşı, həm də ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili olduğunu bildirmişdir. Onun Qarabağ müharibəsinin gedişində ön cəbhədə düşmənə qarşı qələmi ilə döyüşən hərbi jurnalist olduğu, “Əsgər” qəzetində müxbir kimi çalışdığı xatırladılmışdır.
Qeyd edilmişdir ki, 2008-ci ildə Həcc ziyarətində olmuş böyük mənəviyyat sahibi Rəşid Faxralı “Gözümdə hönkürür bir dəli sevda”, “Zaman, biz, kişiliyimiz”, “Qürbət ağrısı”, “Könlüm cənnət qapısıdır”, “Ömrün üfüqləri”, “Tonqal yerində çiçək”, “Müharibə nə vaxt qurtaracaq”, “Diqqət, diqqət”, “Goranboy əməliyyatı” və s. publisist topluların, bədii əsərlərdən ibarət 3 cildlik “Seçilmiş əsərlər”in, bütünlükdə 25 kitabın, 4 sənədli filmin müəllifidir.
Bildirilmişdir ki, R.Faxralı gürcü klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsində böyük xidmətləri olan ziyalılarımızdandır.
Şair-jurnalistin bu fəaliyyətini yüksək qiymətləndirən “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova rəhbərlik etdiyi qurumun “Qafqaz” diplomunu yubilyara təqdim etmişdir.
Görüşdə məlumat verilmişdir ki, ədibin fəaliyyəti “Qızıl qələm”, “Məmməd Araz”, “Həsən bəy Zərdabi” və digər mükafatlara layiq görülmüşdür. Gürcü ədəbiyyatının təbliğindəki xidmətlərinə görə qonşu ölkənin “Gürcü-Azərbaycan ədəbi əlaqələr səfiri” diplomu ilə təltif olunmuşdur.
Yubiley tədbirində şairin “Ömrümün üç nöqtəsi” kitabının təqdimatı da olmuşdur.
Sonda Rəşid Faxralı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, kitablarını öz imzası ilə oxuculara təqdim etmişdir.