![]() |
![]() ![]() |
Bu həftənin birinci günü RF-nın Xantı-Monsiysk şəhərində, «Həyat yolları» ədəbi fondunun dəstəyi ilə VII Beynəlxalq «Yuqra» ədəbi mükafanın təqdimat və təltifat mərasimi keçirildi. 2013-cü ilin laureatları sırasında Azərbaycan yazıçısı Məmməd Orucun da olmasını hələ yanvar ayında bilirdik. O bu mükafata Juqra ədəbiyyatını xaricdə tərcümə və təbliğ etdiyinə görə layiq görülüb. Mərkəzi şəhər kitabxanasında keçirilən təqdimat mərasimindən dərhal sonra M.Orucdan müsahibə aldıq.
– Nə kimi duyğular keçirirsiniz?
– Təbii ki, sevinirəm, bilirəm ki, bu mənim zəhmətimə verilən qiymətdir. Və mən artıq bilirəm ki, bu ədəbi mükafatın qalibləri sırasında Valentin Rasputin, Yuriy Polyakov, Daniil Qranin, Adam Qlobus, Qleb Qorbovskiy, Qoron Petroviç Valeriy Dudarev, Aleksandr Kerdan, Mixaylo Pantiç, Lyubinka Milinçiç, Yeremey Aypin, Aleksis Parnis, Venko Andonovskiy kimi ədəbi simalar var.
– Sizi Sibirə nə bağlayır?
– Hər şeydən öncə Sibir xalqlarının tarixi, Sibirin türk ruhu, amma burda başqa amillər də var, mənə elə gəlir ki, hələ ötən yüzilliyin ortalarında böyük Azərbaycan geoloqu Fərman Salmanov Sibir neft yataqlarının kəşfində müstəsna rol oynamasaydı, Sibirin çeşidli bölgələrində yüzəlli artıq neft yatağını üzə çıxartmasaydı, bütün ölkədə tananmasaydı, və elə həmin illərdən etibarən Azərbaycan neftçilərinin Sibirə axını başlamasaydı, bu zəngin diyarda yüz minlərlə azərbaycanlı məskunlaşmasaydı, yəqin ki, bu gün burada olmazdım. Ədəbi əlaqələrin kökündə qarşılıqlı ünsiyyət durur.
– Bəs Yuqra ədəbiyyatı ilə ünsiyyətə, təmasa nə səbəb oldu?
– Hər şeydən öncə şair və yazıçı Dmitri Mirqulinin yaradıcılığı ilə yaxından tanışlıq. Yeri gəlmişkən o Azərbaycanda yaşayıb və ilk şeirləri də Azərbaycanın rus dilli mətbuatında nəşr edilib. Hətta 28 il qabaq «Leteraturnaya Azerbaydjan» jurnalında biz eyni nömrədə çap olunmuşuq, o öz şeirləri, mən «Qış nağılı» hekayəmlə. Daha sonra mənə dünya şöhrətli xantı yazıçısı, yazılı xantı
ədəbiyyatının banisi Yermey Aypinin və Sergey Korlovun əsərlərini təqdim etdilər. Oxudum və gördüm ki, bu örnəkləri Azərbaycan oxucusuna çatdırmağa dəyər. Sağ olsunlar, həm «Azərbaycan» həm «Ulduz» jurnalları, «Ədəbiyyat qəzeti», o cümlədən Türkiyədə nəşr olunan «Qardaşlıq» dərgisi mənim bu sahədəki fəaliyyətimə yaşıl işıq yandırdılar.
– Bu yöndə yaradıcılıq davam edəcəkmi?
– Şübhəsiz, Yuqra şair və yazıçılarından xantı Mariya Voldinanın, mansı Andrey Tarxanovun, o cümlədən İrina Ryabiyin, Pavel Çerkaşinin yaradıcılığı diqqətimi çəkib.
– «Yuqra» beynəlxalq mükafatının qalibləri sırasında ən çox sevdiyiniz laureat?
– Şübhəsiz ki, Valentin Rasputin; hələ mən gənclik illərində onun «Mariyaya pul lazım idi», «Yaşa və xatırla» povestlərini sevə-sevə oxumuşam, amma onun son illərdə dərc olunmuş «İvanın anası, İvanın qızı» povesti məni əsla qane etmədi. Burda mənfi qəhrəman Sibirdə məskunlaşmış azərbaycanlıdı. Bəlkə də bir nəlayiq azərbaycanlı olub və o həqiqətən də öz mövqeyi ilə hüquq-mühafizə orqanlarını ələ ala bilib, amma bu adamın şəxsiyyətini ümumiləşdirməyə dəyərdimi? Özü də, belə bir qarışıq zamanda. Ədəbiyyat ünsiyyətə xidmət etməlidir, qarşıdurmaya yox.
– «Yuqra» beynəlxalq mükafatının 2013-cü il qalibləri haqqında nə deyə bilərdiniz?
– Yeremey Aypinin, Mariya Voldinanın, Andrey Tarxanovun yaradıcılığına kifayət qədər bələdəm. Makedoniyalı Venko Andonovski ilə burda tanış oldum. Mənə artıq bütün Avropa ölkələrində nəşr olunmuş «Dünyanın göbəyi» romanını bağışlayıb. Yəqin ki, tezliklə bu məşhur romanı oxuyacağam. O ki qaldı yunanıstanlı Aleksis Parnizə, o bütün dünyada tanınmış, pyesləri dünyanın yüzlərcə teatrında oynanılmış bir qələm sahibidir. 90 yaşı var, deyilənə görə yenə yazır. Ən maraqlısı isə onun Nazim Hikmətlə hələ də xatirələrdə yaşayan dostluğudur. O, Özbəkistanda sürgündə olub. M.Qorki adına Dünya ədəbiyyat institutunda oxuyub, məhrumiyyətlərlə üzləşib və ən çətin günlərində onu Nazim
Hikmət xilas eləyib. Yeri gəlmişkən, bu hadisələr mənə burada bəlli oldu və şübhəsiz ki, Nazim Hikmət vurğunu kimi münasibətimi bildirəcəyəm. Bu gün Aleksis Parnis də bu təltifatda olmalı idi. Amma deyilənə görə soyuqdan ehtiyat eləyib. Bu da təbiidir. Bu gün aprelin on dördüdür, amma bayırda 14 dərəcə şaxta var. Hər yan da ağappaq qardı,Ob da, İrtış da buz altındadı.
– Yuqrada yaşayan azərbaycanlılara nə demək istərdiniz?
– Bilirsiz, bayatıda deyilir ki, gəzməyə qürbət ölkə, ölməyə Vətən yaxşı, amma mən görürəm ki, onlar buraya gəzməyə gəlməyiblər, işləri avand olsun.
Məxsusi olaraq «Ədəbiyyat qəzeti» üçün,
Knyaz Qoçaq,
Xanı-Mansiysk şəhəri, 16 aprel, 2014