Bakı, 9 aprel (AzərTAc). Aprelin 9-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə akademiyanın Əlyazmalar İnstitutunda “Kitabi-Dədə Qorqud”un 1300 illik beynəlxalq yubiley tədbirinin ildönümü və Qorqudşünaslığın 200 illiyi münasibətilə “Dədə Qorqud Günü” keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov tədbirin əhəmiyyətindən, Qorqudşünaslığın 200 illiyi münasibətilə görülməsi nəzərdə tutulan işlərdən danışmışdır. O, Qorqudşünaslığa həsr olunan kitablar haqqında danışarkən bildirmişdir ki, indiyədək Azərbaycan alimləri bu sahədə təqdirəlayiq elmi əsərlər nəşr etdirmişlər.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Tofiq Hacıyev “Kitabi-Dədə Qorqud” dastanının dünyada təbliği istiqamətində dövlət səviyyəsində görülən işlərdən, dastanın dünyada tanıdılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərdən danışmışdır.
Tədbirdə professor Əzizxan Tanrıverdiyev “Kitabi-Dədə Qorqud”dakı bəzi sözlərin transkripsiyası və semantikası barədə”, filologiya üzrə fəlsəfə doktoru Xəliyyədin Xəlilli “Dədə Qorqud oğuznamələrinə dövlətçilik terminləri necə daxil edilmişdir” mövzularında məruzələrlə çıxış etmişlər.

Zərəngiz Mansurova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə