Yunus Oğuz: “Gənc nəslə o taylı, bu taylı Azərbaycan və dünya ədəbiyyatının gözəl nümunələri təqdim olunmalıdır”

 

 Aprelin 3-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” adlı layihə çərçivəsində dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məlahət Xəlilova ABUC haqqında iştirakçılara məlumat verib. Layihə rəhbəri deyib ki, yeni minilliyin başlanmasından artıq bir neçə il keçsə də Azərbaycan ədəbiyyatında XXI əsr ab-havasının hiss olunması 2005-ci ildən sonraya təsadüf edir. Layihə rəhbərinin sözlərinə görə, son 4-5 ildə əyalətlərdən paytaxta qədər ölkənin bütün təbəqələrini əhatə edən internet şəbəkəsi ədəbiyyatın inkişafına doğru atılmış böyük addımdır. Yeni yaranan irili-xırdalı nəsr nümunələrinin bir neçə istiqamətdə araşdırılmasının mümkün olduğunu deyən Məlahət Xəlilovanın sözlərinə görə, Azərbaycan nəsrində realizm hakim mövqedə duraraq qalır: “Postmodern, modern, sürreal, absurd və s. kimi cərəyanlara mənsub qələm sahibləri hələ də kəmiyyət baxımından azlıq təşkil edir. Avropada bu düşüncə sistemlərinin yaranması və ədəbiyyata da siraət etməsi XX əsrdə Qərbdə gedən ictimai-siyasi təbəddülatlarla, qısa zaman kəsiyində iki dağıdıcı dünya müharibəsiylə, milyonlarla insanın ruhən və cismən şikəst olmasıyla və sair bu kimi proseslərlə bağlı idi. Lakin Azərbaycan həmin dövrdə bütün bu proseslərdən müəyyən mənada kənarda qalmışdı. Dünyanı bizim ziyalıların nəzərində absurd, sürreal həddə çatdıran ictimai-sosial hadisələr baş verməmişdi. Amma bu, o demək deyil ki, bizdə sadəcə səthi, birtərəfli realizm hökm sürüb”. Layihə rəhbəri qeyd edib ki, vətənpərvərlik mövzusu, Qarabağ faciəsi və bu faciənin konkret insan talelərində, xarakterlərində əksi yenə də nəsrimizdə əhəmiyyətli yer tutur. Yazıçı Əkbər Qoşalı isə çıxışında bildirib ki, Sovet hakimiyyəti illərində, bir ədəbi cərəyanın - sosializm realizminin olduğu dövrlərdə də Azərbaycanda bu cərəyandan kənara çıxmış çox böyük ədiblərimiz olub. Ə.Qoşalının sözlərinə görə, yazıçını bir cərəyana məxsus əsər yazmağa məcbur etmək olmaz. Yazıçı hesab edir ki, ölkədəki müxtəlif ədəbi qurumlarda ədəbiyyatçılara hansı cərəyanlara mənsubluğuna dair tələblər irəli sürülür: “Bu, yazıçılığa haram qatmaqdır. Belə olduqda yazıçıdan hansısa keyfiyyətli əsər gözləmək mümkün deyil. Sevindirici haldır ki, Azərbaycanda yeni nəsil romançılığında universallıq, harmoniya yaranır”. ABUC sədri, yazıçı Yunus Oğuzun sözlərinə görə, Azərbaycanda yazıçılar daha çox öz yazıları ilə məşğul olmalı, təsnifatlanma, onun hansı cərəyana mənsub olması ilə isə digərləri məşğul olmalıdırlar. Y.Oğuz qeyd edib ki, yetişən gənc nəslə daha çox diqqət yetirilməlidir. Yazıçı bildirib ki, onlara ilk növbədə o taylı, bu taylı Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatının gözəl nümunələri təqdim olunmalıdır: “Zaman və məkan sərhədlərini aşan əsərlər yazılamalıdır. Bunun üçün müasir dövrün texnologiyalarından istifadə edilməlidir”. Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü,

yazıçı Rəşad Məcid, şair Elçin Mirzəbəyli, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, AYB-ın katibi, "Ədəbiyyat" qəzetinin baş redaktoru, yazıçı Elçin Hüseynbəyli və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə