AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil 2014-cü ilin mart ayının 10-dan 14-dək Türkmənistanda keçirilən “Cənub şərqi Türkmənistanın irsi qədim və orta əsrlər Avrasiya mədəniyyəti kontekstində” adlı beynəlxalq elmi konfransda iştirak edib.

Konfransa Amerika Birləşmiş Ştatları, Almaniya, Azərbaycan, Polşa, Macarıstan, Norveç, Rusiya, Ukrayna, Belorusiya, Moldova, Türkiyə, Hindistan, Pakistan, İran, Koreya, Yaponiya və başqa dövlətlər olmaqla dünyanın 37 ölkəsindən 70 elm adamı dəvət olunub. Yerli tədqiqatçılarla birlikdə konfransda yüzdən artıq elm adamı iştirak edib. Müxtəlif ölkələrin elm adamlarının iştirak etdiyi beynəlxalq elmi konfransda Ağaverdi Xəlilin “Orta əsrlər dövrü oğuz türklərinin mərasim mədəniyyəti” (“Məcməül əmsali Məhəmmədəli” “Oğuznamə”sinin materialları əsasında) mövzusunda məruzəsi dinlənilib, maraqla qarşılanıb.

Məruzədə qədim və orta əsrlər dövrünün mədəni gerçəkliyi mərasim mədəniyyətinin müxtəlif aspektləri, din, əxlaq, dəb və ədəb haqqında olan məlumatlar araşdırılıb və təhlil edilib. Məruzə ətrafında geniş müzakirələr aparılıb.

Bildirək ki, beynəlxalq konfrans Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedovun sərəncamına uyğun olaraq Türkmənistan Elmlər Akademiyası tərəfindən təşkil edilmişdi. Konfrans öz işinə mart ayının 10-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində başlayıb, mart ayının 12-13-də işini Türkmənbaşı şəhəri ətrafında yeni salınmış turistik bölgə olan Avazada davam etdirib.

Konfransı Türkmənistan Elmlər Akademiayasının prezidenti Q.Mezilov açıb, Türkmənistan Respublikasının prezidenti Qurbanqulu Berdimuxamedovun konfransa təbrik məktubunu təqdim edib.

Konfransda aşağıdakı elmi istiqamətlər üzrə məruzələr dinlənilib: 1.Qüdrətlilik və xoşbəxtlik dövründə Türkmənistanın mədəni irsi. 2.Cənub-şərqi Türkmənistanın maddi və mənəvi mədəniyyəti və Böyük İpək yolu.

3.Cənub-şərqi Türkmənistanın tarixi-arxeoloji abidələri və onların elmi şəkildə öyrənilməsi.

4.Cənub-şərqi Türkmənistanın etnoqrafik irsi və regional tarixi-mədəni əlaqələr.

Konfrans mart ayının 13-də Avazda öz işini yekunlaşdırıb, bölmə sədrlərinin hesabatları dinlənilib, Akademiyanın prezidentinin çıxışı ilə qapalı elan edilib.

Ağaverdi Xəlil Türkmənistanda olduğu müddətdə Türkmənistan televiziyasında konfransda qoyulan məsələlərlə bağlı çıxış edib, rəsmi dövlət qəzeti olan “Türkmənistan” qəzetinə müsahibə verib.

Əməkdaşımız Türkmənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda, Dil və Ədəbiyyat İnstitutunda, Tarix İnstitunda, Əlyazmalar İnstitutunda olub, yerli tədqiqatçılarla görüşüb, elmi tədqiqatlar və əlaqələr haqqında müzakirələr aparıb.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə