
Bakı, 13 mart (AzərTAc). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda görkəmli ictimai xadim, maarifçi və yazıçı- publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd edilmişdir.
AzərTAc xəbər verir ki, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 21 yanvar tarixli Sərəncamını ümumilikdə Azərbaycan ziyalılığına verilən qiymətin daha bir nümunəsi kimi dəyərləndirmişdir.
Görkəmli ictimai xadimin “Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar” sözlərini diqqətə çatdıran natiq demişdir ki, Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” çağırışı bilavasitə maarifçi dünyagörüşü üzərində bərqərar olmuşdur. Natiq türk xalqlarına və islami dəyərlərə edilən basqılara qarşı həmişə öz haqq səsini ucaldan Əli bəy Hüseynzadənin milli mücadilə tariximizdə misilsiz xidmətləri olduğunu söyləmişdir.
AYB-nin sədri, Xalq Yazıçısı Anar bildirmişdir ki, Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan və eyni zamanda, türk xalqlarına yol göstərən və müxtəlif elm sahələrində dəyərli əsərlər yaradan tarixi şəxsiyyətlərdəndir. O, publisistikada böyük söz sahibi, insan həyatının müxtəlif sahələrini öyrənmək və ona yol göstərməkdə misilsiz tarixi sima olmuşdur.
Filologiya üzrə elmlər doktoru Nizaməddin Şəmsizadə, “Əli bəy Hüseynzadə” ensiklopedik kitabının müəllifi Azər Turan, AYB-nin katibi Arif Əmrahoğlu və başqaları Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından söz açmışlar
Vurğulanmışdır ki, görkəmli mütəfəkkirin düşüncələri özünün sağlığında olduğu kimi, bu gün də aktualdır. Ə.Hüseynzadə ömrü boyu türk xalqlarının tərəqqisi naminə ümumtürk mənəvi dəyərlərini təbliğ etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının və onun rənglərinin formalaşmasında böyük rol oynamışdır.