Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda böyük maarifpərvər ziyalı Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi münasibətilə elmi sessiya keçirilmişdir.

Elmi sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açmış, böyük türkoloq alim Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat vermişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 21 yanvar tarixli sərəncamını yüksək dəyərləndirən akademik İsa Həbibbəyli bu tarixi sənədi, bir növ, görkəmli alimə verilən siyasi bəraət kimi səciyyələndirmişdir. O, qeyd etmişdir ki, yazıçı, publisist, şair, Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat tarixində böyük rolu olan alim Əli bəy Hüseynzadənin irsi sovet dövründə demək olar ki, araşdırılmamış, vaxtilə ona “panislamist”, “pantürkist” damğaları vurularaq ədəbi-ictimai fəaliyyətinə kölgə salınmış, əsərləri qadağan edilmişdir. Lakin müstəqillik illərində görkəmli Azərbaycan mütəfəkkiri və maarifçisinin irsi müəyyən araşdırmalara cəlb olunmuş, əsərləri işıq üzü görmüşdür.

Elmi-tədqiqat müəssisəsinin rəhbəri təpədən-dırnağadək türk məfkurəsini yaşadaraq onu inkişaf etdirən Əli bəy Hüseynzadənin Azərbaycanın müstəqilliyi uğrunda daim mübarizə apardığını önə çəkərək onun ortaq türk düşüncəsinin, turançılıq ideologiyasının formalaşmasında misilsiz xidmətlər göstərdiyini bildirmiş, Türkiyənin özündə türkləşmə uğrunda yorulmadan çalışdığını xüsusi vurğulamışdır. Türk dünyasının böyük oğlu Əli bəy Hüseynzadənin vaxtilə ortaq türk dili yaratmaq ideyasının bu gün də gündəmdə olduğunu xatırladan akademik İsa Həbibbəyli böyük ədibin yaradıcılığının bundan sonra da müxtəlif aspektlərdən araşdırılmasının əhəmiyyətindən danışmışdır.

Filologiya üzrə elmlər doktoru, professor Şamil Vəliyevin “Əli bəy Hüseynzadə və XX əsrin əvvəllərinin ədəbi prosesi”, filologiya üzrə elmlər doktoru Zaman Əsgərlinin “Əli bəy Hüseynzadənin həyatı və mühiti”, filologiya üzrə fəlsəfə doktoru Sevil Qaraşovanın “Əli bəy Hüseynzadə yaradıcılığı və Qərb ictimai-siyasi fikri”, filologiya üzrə elmlər doktoru Şərəf Cəlillinin “Əli bəy

Hüseynzadənin ideyaları və müasirlik”, həmçinin filologiya üzrə elmlər doktoru Gülər Abdullayevanın “Əli bəy Hüseynzadə və müasirləri” mövzularında məruzələri dinlənilmişdir. Elmi məruzələrdə görkəmli türkoloq alimin həyatının bəzi məqamları və yaradıcılıq istiqamətləri barədə əhatəli və dolğun məlumat verilmişdir.

Böyük ədibin qardaşı nəvəsi Cəmilə xanım Hüseynzadə təkcə Əli bəy deyil, nəsillərinin digər tanınmış nümayəndələri barədə maraqlı məlumatlarla çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə başçısına, o cümlədən akademiya rəhbərliyinə dərin minnətdarlıq hisslərini bildirmişdir.

Sonda akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış etmiş, ölkə üzrə yubiley tədbirlərinin davam etdirildiyini önə çəkərək bu yaxınlarda akademiyanən Humanitar və İctimai Elmlər Bölməsi üzrə konfrans keçiriləcəyini, eləcə də alimin doğulduğu Salyan şəhərində tədbir təşkil ediləcəyini bildirmiş, həmçinin türk dünyasının böyük oğlu Əli bəy Hüseynzadə haqqında yazılan əsərlərdən ibarət olacaq Məqalələr toplusunun da nəşrə hazırlandığını diqqətə çatdırmışdır. Akademik İsa Həbibbəyli Əli bəy Hüseynzadə irsini bütün dolğunluğu ilə əhatə edə biləcək sanballı bir monoqrafiyanın yazılmasını isə məqsədəuyğun və vacib hesab etmiş, bu barədə tapşırıq və göstərişlərini vermişdir.

Ağahüseyn Şükürov,

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə