Görkəmli aktyor Mustafa Mərdanovun anadan olmasından 120 il ötür
Bəzən insanın başı üzərində parlayan ulduzlardan biri diqqəti daha çox cəlb edir. Uzaq məsafədə olsa da onun nuru, işığı insana daha tez çatır. İnsan ömrü də belədir. Elə insanlar var ki, həyatdan köç edib, bizdən uzaqlaşdıqca, öz nuru, öz ziyası ilə yaddaşlarda əbədi həkk olunurlar

Bakı, 27 fevral (AzərTAc). Bəzən insanın başı üzərində parlayan ulduzlardan biri diqqəti daha çox cəlb edir. Uzaq məsafədə olsa da onun nuru, işığı insana daha tez çatır. İnsan ömrü də belədir. Elə insanlar var ki, həyatdan köç edib, bizdən uzaqlaşdıqca, öz nuru, öz ziyası ilə yaddaşlarda əbədi həkk olunurlar.
Səhnəmizin müqtədir aktyorlarından olan Mustafa Mərdanov da belə insanlardandır. Onun yaratdığı obrazları zaman bizdən uzaqlaşdırdıqca, aktuallığı, müasirliyi ilə daha çox diqqəti cəlb edir, bizimlə həmsöhbət olur, müsbət, ya mənfi xarakterli ilə müasirimizə çevrilir.
Mustafa Haşım oğlu Mərdanov 1894-cü il fevralın 28-də Cənubi Azərbaycanın Mərənd şəhərində doğulmuşdu. Sonralar ailəsi ilə birlikdə Tbilisiyə köçən M.Mərdanov teatr fəaliyyətinə 1910-cu ildə buradakı müsəlman dram dərnəklərində başlamışdır.
Yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor hissi onun sənətinin xarakterik cizgiləri idi. O, obrazı sadəcə oynamır, onunla yaşayır, nəfəs alırdı.
Mustafa Mərdanovun hələ ilk rollarında klassik ənənənin güclü olması teatr tənqidçilərinin diqqətini cəlb etmişdi. “Hacı Qara”da Kərəməli, “Yağışdan çıxdıq yağmura düşdük”də Hacı Qəmbər, “Nadir şah”da Ədhəm rollarını Tbilisi teatrında yaradan aktyor, 1921-22-ci illərdə bu şəhərdəki Azərbaycan Teatrının direktoru olmuşdur.
Ali təhsil almaq onun ən böyük arzusu idi. Ona görə də təhsilini davam etdirmək üçün Moskvaya, Dövlət Teatr Sənəti İnstitutuna gedir.
Moskvanın görkəmli aktyorlarından sənətin sirlərini öyrənən Mustafa Mərdanov 1924-cü ildə Bakıya gəlir və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirir. Sənətdə qazandığı ilk uğurlar onu daha da ruhlandırır. Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrilir.
Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və başqa sənət korifeylərindən öyrəndikləri aktyorun sənət yoluna işıq salır, onu yaradıcılıq axtarışlarına ruhlandırır. Bu illərdə aktyor rus və Qərb dramaturqlarının əsərlərində daha ciddi rollar oynamış, kamil obrazlar silsiləsi yaratmışdır. Həmin illərdə Mustafa Mərdanovun Xlestakovu, İmamverdisi, Polonisi və onlarla səhnə qəhrəmanları dəfələrlə dram teatrının səhnəsində tamaşaçı alqışları ilə qarşılanmışdır.
Mustafa Mərdanovun teatr yaradıcılığı böyük bir dövrü əhatə edir. O, milli aktyorluq sənətimizi zənginləşdirmiş, ona yeni rənglər, çalarlar gətirmişdir.
Görkəmli aktyor Azərbaycan kinosunda da ilklərə imza atan sənətkar olmuşdur. O, “Lətif” filmindəki qolçomaq əlaltısı Ələsgəri, “26 Bakı Komissarı” və “Bakılılar” filmlərindəki rolları, qardaşı, məşhur kinorejissor Səməd Mərdanovun çəkdiyi “Kəndlilər” filmindəki Mustafa müəllimi, “Səbuhi” filmindəki akademiya rəisi, “Görüş”də adi kolxozçunu, “Qara Daşlar”da Dəmirovu məharətlə oynamış, geniş tamaşaçı rəğbəti qazanmışdır. Onun oyununun təbiiliyi tamaşaçını, sözün əsl mənasında, heyrətləndirirdi.
Böyük sənətkarın kinomuzda ən uğurlu rolları “O olmasın, bu olsun”dakı Həsən bəy, “Əhməd haradadır?” filmində Məhəmməd kişi obrazlarıdır. Hər filmdə obrazdan-obraza tamamilə özgələşən Mustafa Mərdanov ürəklərdə əbədiləşən sənətkar ömrü yaşamışdır.
Onun 1968-ci ildə “Qanun naminə” filmində yaratdığı Murtuzov rolu mənfi tip olsa da, tamaşaçıların yaddaşına əbədi həkk olunmuşdur.
Mustafa Mərdanov bir neçə il Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etmiş, Xalq Artisti fəxri adına, digər orden və medallara layiq görülmüşdür.
M.Mərdanov 1968-ci il, dekabrın 12-də dünyasını dəyişmişdir. Onun yaratdığı obrazlar silsiləsi minlərlə pərəstişkarının qəlbində əbədi yaşayacaqdır.
Aktyorun 1959-cu ildə yazdığı “50 il Azərbaycan səhnəsində xatirələrim”, vəfatından sonra isə 1973-cü ildə “Mənim müasirlərim” xatirə kitabları nəşr edilib oxuculara çatdırılmışdır.

Zərəngiz Mansurova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə