Hacı Nərimanoğlu-55
Fevralın 20-də yazıçı - publisist Hacı Nəriman oğlu Abdullanın 55 yaşı tamam olur. Hacı Nərimanoğlu Qubadlı rayonunun Saray kəndində doğulub. 1975-ci ildə Dondarlı kənd orta məktəbi, 1979-cu ildə Pedaqoji İnstitutun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sovet Ordusu sıralarında Kosmodrom Baykonurda Strateji Təyinatlı Raket Qoşunlarında həqiqi hərbi xidmətdə olub. 1981-ci ildən Qubadlı rayon komsomol və icraiyyə komitələrində, icra hakimiyyətində çalışıb, 16 ildən çox fasiləsiz "AzərTAc"ın "Zəngəzur" İnformasiya Mərkəzinin direktoru, AzərTAc-ın Azərbaycan dilində informasiya materiallarının buraxılış redaktoru işləyib, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində elmi işçi, AR Sənaye və Energetika Nazirliyində baş məsləhətçi vəzifələrində çalışıb, hazırda AR Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəridir. Eyni zamanda 1994-2004-cü illərdə Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında ədəbi hissə müdiri, San-Marino Beynəlxalq Elmlər Akademiyası Azərbaycan filialında müəllim işləyib,"Alyans" Media İnform" MMC-nin təsisçi rəhbəri,"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri, www.zengezur.com saytının baş redaktorudur. Qubadlıda ilk özünümüdafiə batalyonunun qurucularından olub, Qarabağ müharibəsi veteranı,ehtiyatda olan zabitdir. Tələbəlik illərindən ədəbi-bədii və jurnalistlik yaradıcılığı ilə də məşğuldur. 1977 və 1978-ci illərdə Azərbaycan LKGİ MK və Yazıçılar İttifaqının keçirdiyi yaradıcı gənclərin respublika müsabiqəsində ədəbi tənqid üzrə qalib olub. 4-ü Şəhidlər haqqında olmaqla 10 kitabı çıxıb, Zəngəzur bölgəsinin tarixi, toponomiyası haqqında araşdırmaları, ədəbi, elmi-publisist məqalələri "Azərbaycan", "Ulduz", "Gənclik" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan", "Aydınlıq" qəzetlərində dərc olunub. Onun Milli Qəhrəman Əliyar Əliyev haqqında 1992-ci ildə 2 min tirajla nəşr edilmiş “Dağlar oğlu”, eləcə də “Onlar bizim fəxrimizdir”, “İgidlər eldən gələr”, “Mingəçevirin Şəhid polisləri”, “Qubadlısız 16 il”, “Rəcəb Tayyib Ərdoğan”, “TURAN Aşiqləri”, “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular” kitabları, rus dilindən tərcümə etdiyi hüquqi mövzuda əsərlər oxucu rəğbəti qazanıb.

Hacı Nərimanoğlunu ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

AYB Mətbuat Xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə