Dostəli Nəriman oğlu Abdullayev-60

 Çox hörmətli Dostəli müəllim!

Sizi- istedadlı yazıçı və jurnalisti anadan olmanızın 60 illiyi münasibəti ilə təbrik edir, Sizə sağlamlıq, ailə səadəti, əmək və yaradıcı fəaliyyətinizdə bundan sonra da yeni uğurlar arzulayırıq.

Siz Qubadlıda müəllim, rayonda çıxan “Avanqard” və “Bərgüşad” qəzetlərində şöbə müdiri, redaktor müavini, rayon partiya komitəsində şöbə müdiri, həmkarlar ittifaqı rayon komitəsinin sədri, 1993-cü ildə doğma yurd-yuvanızdan ayrı düşəndən sonra respublikamızın ən böyük nefçıxarma müəssisələrindən olan N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin şöbə müdiri vəzifələrində çalışmaqla bərabər, daima jurnalistlik və ədəbi yaradıcılıqla da məşğul olmusunuz. Dövri mətbuatda dərc edilən yazılarınız həmişə rəğbətlə qarşılanıb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüsünüz, “Həsənbəy Zərdabi” Fəxri Diplomuna layiq görülmüsünüz. Sizin 2002-ci ildə nəşr olunmuş “Tənhalıqda” və 320 səhifəlik “İnsanlar arasında” kitablarınızda toplanmış roman, povest, hekayə, esse və şeirləriniz ədəbi istedadınızın və yaradıcılıq potensialınınzın genişliyinin bariz təcəssümüdür. Qubadlı həsrəti ilə yaşayan bir insan olaraq, Sizin irili-xırdalı bütün əsərlərinizdə qaçqınlıq, didərginlik həyatının dözülməz ağrı-acıları, mənəvi iztirabları təsirli, yaddaqalan boyalarla, obrazlarla əks olunmuşdur. Çünki Siz özünüz də bu dərd yükünü çiyinlərində daşıyan, yaşadan ən dəyərli ziyalılarımızdan birisiniz.

Sadə, mehriban dost, nümunəvi ailə başçısı, səmimi iş yoldaşı kimi Sizi tanıyanların qəlbində özünüzə yer tapmış, ətrafınızdakıların hüsn-rəğbətini qazanmısınız.

Əziz Dostəli müəllim! Bu əziz gündə Sizi ürəkdən sevənlərin, Sizin sevdiklərinizin arzu-istəklərini ifadə edərək Sizə bundan sonra da hər zaman sevilən insanlardan olmağı, yeni ədəbi əsərlərinizlə yaradıcılığınızı izləyənləri sevindirməyi gözləyir, Ulu Yaradandan bütün niyyətlərinizin hasilə yetməsini diləyirik.

Növbəti yubileylərinizi doğma Qubadlıda, dünyaya göz açdığınız Saray kəndində qeyd etmək arzusu ilə,

 

“Zəngəzur” Cəmiyyətləri Birliyinin İdarə Heyəti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə