
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə tədbir keçirilib. İnstitutun mətbuat xidmətinin rəhbəri Ağahüseyn Şükürovun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə respublikamızın hər yerində görkəmli şairin yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, Naxçıvandan başlayan tədbirlər Azərbaycanın bütün bölgələrində dərin xalq məhəbbəti və yüksək coşqu ilə keçirilir. Dövlət səviyyəsində keçirilən zirvə tədbirindən sonra adətən tədbirlər bitir, lakin Məmməd Arazın yubileyi ilə bağlı tədbirlər hələ də davam etdirilir.
Akademik qeyd edib ki, Heydər Əliyev xalq şairi Məmməd Arazın yaradıcılığına dərindən bələd olub, şairlə yaxın münasibətdə olaraq daima ünsiyyət saxlayıb. Şairin fəxri adlarının əksəriyyəti ulu öndərin imzası ilə verilib: “Səməd Vurğunun “Azərbaycan” şeirindən sonra bu mövzuda yazmaq çətin olsa da, Məmməd Araz bunu bacara bilib və doğma yurdumuza aid xeyli şeir və poema qələmə alıb. Şairin dillər əzbəri olmuş şeirləri başdan-başa Azərbaycannamədir. Məmməd Arazın “Atamın kitabı” əsəri Cəlil Məmmədquluzadənin “Anamın kitabı”ndan sonra ən ciddi sənət nəhəngi kimi qiymətləndirilməlidir. Azərbaycan ədəbiyyatında lirik-romantik şair kimi tanınan Məmməd Araz ömrü boyu Azərbaycan idealına xidmət edib, Azərbaycanda mərdanəlik poeziyası yaradıb”.
Filologiya elmləri doktoru Vaqif Yusifli məruzəsində Məmməd Arazın yaradıcılıq üslubundan geniş bəhs edərək bildirib ki, görkəmli şair torpağa, Vətənin dağına-daşına, doğma yurda bağlı olub, şeirlərinə xalq ruhunu hopdurub. Filologiya üzrə fəlsəfə doktoru Yaşar Qasımbəyli Azərbaycançılıq məfkurəsinin dərinləşməsində şairin xidmətlərindən danışıb, filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu Məmməd Arazın əsərlərinin folklorla bağlılığından bəhs edib, şairin əsərlərində xalq yaradıcılığından süzülüb gəlmiş məziyyətlərdən ətraflı söhbət açıb.
Xalq şairi Məmməd Arazın ailə üzvləri adından Milli Məclisin deputatı, yazıçı Aqil Abbas çıxış edərək xalq şairinə göstərilən dövlət qayğısından danışıb, Ədəbiyyat İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib. /Apa.az/