Son xəbərlər

 


(Arxiv materialları və məxfi sənədlər əsasında ilk dəfə)

 

 

“Dai” - ərəb mənşəli söz olub dörd məna qatını özündə birləşdirir: dua edən, səbəbkar olan, tələb edən və arzu edən. Uzaqgörənliklə seçilmiş bu təxəllüsün məna çalarları onun kəşməkəşli, dolanbac ömür yolunda, məşəqqətlər məcrasında çırpınan əzabkeş taleyində qabarıq təcəssümünü tapmışdır.

Yaradıcılığa Rusiya imperiyası dövründə başlayan, Azərbaycan Xalq Cümhu­riyyəti dönəmində nəşr olunan kitablarının sevincini, həyatının xoşbəxt anlarını yaşayan Əbdül Rəhman Dai (Əbdülov Rəhman Əbdül Rəhman oğlu)  sovet rejimi zamanında gizli siyasi fəaliyyətə görə 1923-cü ildə Azərbaycan Fövqəladə Komissiyası (Az.ÇK) tərəfindən həbs olun­muş, 13 il amansız repressiyalara məruz qalmış, vətəndən uzaqlarda dünyasını dəyişmişdir. Həyat və yaradıcılığı ciddi elmi araşdırmalardan kənarda qalan Ə.R.Dai Cümhu­riyyət dövrü İstiqlal poeziyasının istedadlı nümayəndələrindən biri, eyni zamanda dövrünün tanınmış folklor tədqiqatçısı və mətbuat xadimi idi.

Əbdül Rəhman Dai 1898-ci ildə Bakı yaxınlığındakı Bülbülə kəndində Əbdül Rəhman və Gülsüm xanım Əbdülov­ların ailəsində dünyaya göz açmışdır. Rəhman ailənin yeganə oğul övladı idi və anadan olanda atasının 58, anasının isə 40 yaşı vardı. XX əsrin əvvəllərində Əbdülov­lar Bülbülə kəndindən Bakıya köçmüş, Bondarnaya (indiki Şəmsi Bədəl­bəyli) küçəsi, 92 sayli ünvanda yaşamışlar. Rəhman Əbdül Rəhman oğlu Əbdülov 1905-ci ildə Bakıda Ali-ibtidai məktəbin 1-ci sinfinə daxil olmuş, 1908-ci ildə yüksək qiymətlərlə bu ibtidai təhsil ocağını bitirmişdir. Bir müddət qoca atasına təsərrüfat işlərində kömək edən gənc Rəhman mətbəə sahəsində çalışmağa daha böyük həvəs göstərirdi. O 1914-cü ildə zəmanə­sinin ziyalısı və xeyirxahı kimi tanı­nan Qasım bəy Qasımbəyovun (bəzi mən­bələrdə Qasımzadə - A.R.) redaktorluğu ilə nəşrə başlayan “Bəsirət” qəzeti ilə əməkdaşlıq edir, “Məktəb” elektrik mətbə­əsində mürəttib peşəsinə yiyələnirdi. İlk yazı nümu­nələri “Bəsirət”, “Açıq söz” qəzetlərində işıq üzü görən Əbdül Rəhman Dainin uşaqların rəvan qiraəti üçün yazdığı “Rəhimli səyyah” adlı ilk nəsr kitabı Kazım Vəliza­dənin naşirliyi ilə 1917-ci ildə “Məktəb” elektrik mətbəəsində nəşr edilmiş­dir. Memuar səpkisində yazıl­mış ilk kitabı sadə və aydın üslubda qələmə alındığı üçün müəl­lifinə böyük uğur qazandırmışdır. Kitabın sonunda əsərin yazıldığı tarixin 7 aprel 1915-ci il olduğu qeyd edilmişdir. Bu tarixi gənc Əbdül Rəhmanın ədəbiyyata gəldiyi gün kimi də qeyd etmək olar. Dainin “Fəhlənin nitqi” adlı nəzmlə yazdığı ikinci kitabı da 1917-ci ildə mürəttib Ağa Həsən Qulamovun naşirliyi ilə “Bakı” mətbəəsində çap olunmuşdur. Məsnəvi janrında qələmə alınan əsərin məzmunu fəhlənin dilindən “xozeyinə”, sahibkara ünvanlanan tələb və ittihamlardan ibarətdir. Kitabçada Rusiya imperiyasında 1917-ci ildə baş verən fevral və oktyabr inqilab­ı­nın adı çəkilməsə də “şimal küləyi”nin gətirdiyi ab-hava əsərin ümumi ruhun­da duyulmaq­dadır.

Əbdül Rəhman Dai Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını böyük sev­gi və sevinclə qarşıladı. İstiqlal duyğuları, azadlıq arzuları onun bədii yaradıcı­lığın­da da təcəssümünü tapırdı. Bu dövrdə onun üç kitabı işıq üzü gördü. Mürəttiblik fəaliy­yə­tini Ağabala Quliyevin “Şura” mətbəəsində davam etdirən Dai 1918-ci ildə uşaqlar üçün yaz­dığı, tərbiyəvi əhəmiyyət kəsb edən, sərlövhəsi atalar sözü ilə baş­layan “Qurunun oduna yaş da yanar” adlı üçüncü kitabçasını oxucu­ların ixtiyarına ver­­di. Nəbi adlı uşağın nadincliyindən və ədəbsizliyindən bəhs edən bu əsər dili­nin saflığı, poetik­liyi və bədii mənzərənin inandırıcılığı ilə diqqəti cəlb edir.

Ə.R.Dai 1919-cu ilin əvvəllərində Kərbəlayi Vəli Mikayılovun dəvətilə onun rəhbərlik etdiyi “Höku­mət” mətbəəsində naşirlik fəaliyyətinə başlayır və özünün iki kitabını bura­da nəşr etdirir. “Qanqal” Əbdül Rəhmanın ilk satirik şeirlər toplu­sudur. “Ay Baba!” müraciətilə başlayan satiralar çox güman ki, fədakar mətbuat xadimi Əlabbas Müznibin redaktorluğu ilə nəşr edilən “Babayi-Əmir” (1915-1916) gülgü dərgisinə ünvanlanmışdır. Dainin tənqidi poeziyasının forma­laş­masında “Mol­la Nəsrəddin” ədəbi məktəbinin güclü təsiri özünü büruzə ver­məkdədir.

Əbdül Rəhman Dainin ədəbi fəaliyyətində tərtibçilik və naşirlik işi xüsusi əhə­miy­yət kəsb edir. Onun toplayıb hazırladığı və çap etdirdiyi çoxcildli “Əsgəri nəğmə­lər”in birinci hissəsi 1919-cu ildə “Hökumət mətbəəsi”ndə çıxmış və bu gün də aktuallığını və bədii təravətini qoruyub saxlamaqdadır. Azərbaycan Xalq Cümhuriyyəti bolşe­vik Rusiyası tərəfindən işğal olunduğu üçün kitabın ikinci hissəsi nəşr edilməmişdir.

27 aprel çevrilişindən sonra Ə.R.Dai bir müddət naşirlik fəaliyyətini dayan­dırmış, işsiz qalmışdır. Yalnız 1921-ci ilin baharında o, Əli Həsən Babayev və Əbdül Vahab Məmmədzadənin dəvətilə gizli fəaliyyətə başlayan “İstiqlal” qəzeti­nin nəşrinə cəlb olunmuşdur. Dai 1921-1923-cü illərdə 19 sayı məxfi şəraitdə çap­la­nan qəzetin əksər mətnlərinin mürəttibi, xüsusilə Azərbaycanın işğal günü - 27 aprel münasibətilə milli ruhda yazılan, sovet istilasını yamanlayan bəyannamə­lərin yığıcısı idi.

Əbdül Rəhman Dai 1923-cü ilin fevral ayında fəaliyyətə başlayan “Gənc işçi” qəzetinin məsul katibi vəzifəsinə irəli çəkilmiş, avqust ayında Süleyman Sani Axundov, Hüseyn Cavid, Seyid Hüseyn, Məmməd Əli Sidqi, Hənəfi Zeynallı, Məmməd Səid Ordubadi, Nemət Bəsir, Salman Mümtaz və b. iştirakilə yaradılan “Türk ədib, şair və ədəbiyyat həvəskarları” cəmiyyətinin katibi seçilmişdir. Onun xalq ədəbiyyatına dair tədqiqat xarakterli məqalələri, xüsusilə “El şairi Aşıq Cavad”, “El şairəsi Ağa Sənəm”, “El şairi Xələf”, “El şairi Dəli Mehdi”, “Bakı tarixində el şairləri”, eləcə də çoxsaylı şeirləri o dövrün “Kommunist”, “Gənc işçi”, “Yeni yol” qəzetlərdə, “Maarif və mədəniyyət” jurnalında  dərc olunmuşdur. Onun “İki məktəbli” adlı mən­zum pyesi M.Əzizbəyov adına kitabxanada həvəs­karlar tərəfindən oynanılmışdır. Əbdül Rəhmanın “Kommunist” qəzeti­nin 12 ok­tyabr 1923-cü il tarixli ədəbiyyat səhifəsində çap etdirdiyi bir bayatısı diqqəti cəlb edir.

Şəftəliyəm kalam mən,

Dilim yoxdur, lalam mən,

Çərxi-fələk qoymadı

Arzu-kamım alam mən.

Çox keçmir ki, “çərxi fələk”, bolşevik rejimi gənc ədibi “arzu-kam” almağa, milli ədəbiyyata xidmət etməyə imkan vermir. Azərbaycan Fövqəladə Komisi­yasının (Az.FK) hərbçiləri 1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə vətən­pərvər, hürriyyətçi, istiqlal fədailərnin böyük və fəal bir qrupunu həbs etdi. Qəfil həbslər zamanı sol müsavatçıların gizli nəşr etdiyi və 19 sayı işıq üzü görən “İstiqlal” qəzetinin və bəzi məxfi kitabçaların çap olunduğu mətbəə aşkar edilmişdi. Kütləvi həbslər zamanı saxlanılan azadlıq mübarizlərindən Əbdül Rəhman Əbdül Rəhman oğlu Əbdülov (təxəllüsü Dai) olmaqla yanaşı Əbdül Vahab Məmmədzadə, Cəfər Cabbarlı, Rəhim bəy Vəkilov, Kərbəlayi Vəli Mikayılov, Novruz Ağayev, Qurban Musazadə, Ağa Səlim Rəhimov, Əli Abbas Əliyev, Əli Həsən Babayev, Nəsrulla İsrafilov, Məşədi İslamov, Sal­man Rəhimov, Hacı Baba Cəbiyev, Ağa Kərim Əliyev və b. dövrünün tanınmış ziyalıları, mətbuat nümayəndələri və vətənpərvər qüvvələr idi.

Əbdül Rəhman adları çəkilən məsləkdaşları ilə müqayisədə xeyli gec – 1923-cü ilin dekabrın 11-də ordersiz həbs olunub. Onun adına verilən 475 saylı orderi və 1588 saylı məhkumluq vərəqini Az.FK-nın sədr müavini Qaber Korn yalnız deka­brın 24-də imzalamağa “vaxt tapmışdır”. Dainin ilk müstəntiqi məxfi və xüsusi şöbə­nin müdiri, sonralar Azərbaycan Ali Məhkəməsinin (1934-1937) və Nazirlər Sove­tinin sədri (1937-1954) işləmiş Teymur Quliyev idi. Müstəntiq 11 dekabr 1923-cü il tarixli protokola əsasən Əbdülov Rəhman Əbdül Rəhman oğlundan sual­la­rına cavab alır. Müttəhim təsdiqləyir ki, mətbəə müdiri Əli Həsən Babayevin dəvəti ilə Qurban Musazadənin (yazıçı Qılman İlkinin qardaşı – A.R.) evində “Müsavat” təşkilatının üzvü olmuş, gizli “İstiqlal” qəzetinin antisovet intibah­namələrinin çapında fəal iştirak etmişdir. Sonrakı ifadələrində və üzləşmələrdə ilkin izahatını  Rəhman Əbdül Rəhman oğlu dəyişmir. Ailənin yeganə oğlunu və çörəkqazananı yuxarılara yazdığı fəryad dolu məktubları ilə Gülsüm Allahverdi qızı Əbdülova müda­fiəyə qalxır. O, Rəhmanın həbsindən 26 gün sonra ilk məktu­bunu Az.FK-nın sədri Mir Cəfər Bağırova ünvanlayır. Məktub 1924-cü il yanvarın 5-də Bağırova çatır və cavab üçün məxfi şöbəyə göndərilir. Gülsüm xanım 2-ci məktubunu yanvarın 19-da Azərbaycan MİK-nin sədri Səmədağa Ağamalıoğluna göndərir. Ərizədə yazılırdı: “Oğlum Rəhman Əbdülov təxminən bir ay yarım əvvəl Az.FK tərəfindən həbs edilib, işi müstəntiq Nikolayevə verilib. Mənim oğlum vərəmə yoluxub, hər bir həkim bunu təsdiqləyə bilər. Qorxuram ki, o ağır şəraitdə xəstəliyə dözə bilməyə, ölə, onda qoca atası və anası üçün necə olacaq? Bizi oğlum sax­layırdı. Hökumət evində yaşayırıq və ayda 1 çervon istəyirlər, haradan ödəyək?! Mən gözləri yaşlı qadın sizə yalvarıram, qoca ata-anaya yazığınız gəlsin, hansı ki, heç yaşamaq imkanları da yoxdur. Əllərimi açıb sizə yalvarıram, oğlumu mənə qay­tarın” (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-18).

S.Ağamalıoğlu ərizəyə şəxsən “Baxılmaq üçün” dərkənar qoyaraq Az.FK-ya ünvanlayır. Gülsüm Allahverdi qızı müraciətinə müsbət cavab almayıb növbəti ərizəsini Mir Bəşir Qasımovun adına göndərir. Müstəntiq Malçenkova verilən ərizənin üstünə qırmızı mürəkkəblə “İmtina edilsin” dərkənarı qoyulur. Fəryad edən köməksiz ananın ümidləri Azərbaycan rəhbərliyindən üzülür...

Rəhman Əbdül Rəhman oğlu Birləşmiş Dövlət Siyasi İdarəsi (BDSİ) Kollegiyası ya­nın­da Xüsusi Müşavirənin 25 aprel 1924-cü il tarixli qərarı ilə üç il müddətinə Ağ dənizdə yerləşən Solovetski həbs düşərgəsinə - “Buzlu cəhənnəm”ə sürgün edilir. Məhkumun anası ahıl yaşında yeganə oğlundan ayrı 3 il məşəqqətlər yaşa­yır. Lakin bütün gözləntiləri puça çıxır. Əbdül Rəhmanın həbsindən üç il yarıma yaxın vaxt keçsə də onu azad etmək istəmirlər. Ana həyəcan siqnalı çalır, fəryad qoparır. Növbəti göynərti dolu, göz yaşları ilə yazılmış 29 may 1927-ci il tarixli məktubunu İ.V.Sitalinə göndərir. ÜK(b)P MK-nın Məxfi şöbəsi Gülsüm Əbdülovanın məktu­bunu iyunun 3-də alır. Ertəsi gün MK Məxfi şöbəsinin müdir müavini Berzanovski G.Əbdülovanın müraciətini BDSİ-yə ünvanlayır. Dainin 83 yaşlı atası Əbdül Rəhman kişinin ağır yataq xəstəsi olduğu ərizədə vurğulansa da, daş qəlbli sovet məmurları şairə azadlıq vermək əvəzinə həbs müddətini əlavə üç il də uzadaraq onu Ural vilayətinin İşimski rayonunun Vikulov kəndinə göndərirlər. Gül­süm xanımın oğluna qovuşmaq üçün yalvarış və ümid dolu məktubları keçmiş SSRİ-nin əksər rəhbər şəxslərinə ünvanlanır. Onun NKVD-yə yolladığı 12 noyabr 1927-ci il tarixli məktubu fərqli biçimdə özünü büruzə verir. Oktyabrın 10-cu ildönümü münasibətilə oğlunun əfv olunmasına ümid bəsləyən Gülsüm xanım həyat yoldaşının bu dərdə dözməyərək yenicə dünyasını dəyişdiyini, özünün də ağır, dözül­məz vəziyyətdə olduğunu vurğulamışdır. G.Əbdülovanın ərizəsini Bül­bülə kənd sakinlərindən yüz nəfər – Ağaəli, M.Dəmirov, K.Babayev, S.Rəhi­mov, İ.Nağıyev, D.Kərimov, S.Kərim, Həmid Ağazadə və b. imzalamışdır (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-24).

Bəlkə də bu məktub ömrünün son anına qədər yeganə oğlunu görmək arzusu ilə yaşayan Gülsüm xanımın sonuncu cəhdi idi. O da həqiqətdir ki, yorulmadan Azər­baycan və SSRİ rəhbərliyinə müraciər edən Gülsüm Allahverdi qızı bir daha oğlu Rəhman Əbdül Rəhman oğlu Əbdülovu görmədən həyatla vidalaşmışdır.

Əbdül Rəhman Dai isə Ural vilayətinin İşimski rayonunda əlavə üç illik sürgün müddətini başa vurduqdan sonra Birləşmiş Dövlət Siyasi İdarəsinin Kollegiyası ya­nın­da Xüsusi Müşavirənin 1930-cu il 13 yanvar tarixli qərarı ilə Moskva, Lenin­qrad, Kiyev şəhərlərində və Zaqafqaziyada üç il yaşamaq hüququndan məh­rum edilməklə DSİ-nin Aşqabad şöbəsinin sərəncamına göndərilməsi qərara alınmışdır. Bu məlumatdan xəbərsiz olan Rəhman 1930-cu il fevralın 6-da Moskvaya BDSİ sədrinə və prokuroruna teleqram göndərərək yazırdı: “Sürgün müddətim noyabrın 13-də başa çatsa da sənədləri almamışam. Xahiş edirəm aydınlaşdırın və məlumat verin. Siyasi məhkum Əbdülov Rəhman” (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-31).

Teleqram 1930-cu il fevral ayının 9-da BDSİ-də qeydə alınmış, prokuror Kon­dratyev iki gün sonra SSRİ Ali Məhkəməsinin Siyasi İdarə üzrə nəzarət proku­roru­na müraciət edərək Əbdülov Rəhmanın sürgün müddəti bitdiyi üçün müraciətin yoxlanılması və sərəncam verilməsi üçün sənədləri göndərdiyini bildirmişdir. 

Rəhman Əbdülovun və prokurorun müraciətinə BDSİ Kollegiya Katibliyində Novruz bayramı günü – 21 mart 1930-cu ildə yenidən baxılmış və qərardad qəbul olunmuşdur. Qərardadda R.Əbdülovun 32 yaşı olduğu, “Müsavat” patriyasının gizli fəaliyyətində iştirak etdiyi və onun haqqında müvafiq orqanlar tərəfindən üç dəfə qərar qəbul olunduğu nəzərə çatdırılaraq gələcəkdə də sosial müdafiə isti­qa­mə­­tində dəyişikliyin məqsədəuyğun olmadığı vurğulanmışdır.              

Teleqramına müsbət cavab almayan Rəhman Əbdülov Aşqabada göndərilsə də onun sənədlər qovluğu müvafiq siyasi idarəyə təhvil verilməmiş­dir.

Türk­mənistanın Dövlət Siyasi İdarəsinin sədr müavini Amelin 18 may 1931-ci ildə BDSİ-nin İşimski rayon şöbəsinin rəisinə göndərdiyi məktubda yazırdı: “Türk­mə­nistan SSR DSİ Sizin 18.III.1930-cu il 8112 saylı vəsiqə ilə Aşqabad şəhərinə  inzibati sürgün olunan Əbdülov Rəhman Əbdüloviçin şəxsi işini göndər­məyi beşinci dəfədir xahiş edir” (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-34).

BDSİ-nin İşimski rayon şöbəsinin rəisi Balaxonuyev 5.VI.1931-ci ildə yazdığı 416 saylı cavab məktubunda bildirirdi: “BDSİ-nin dairə şöbəsi ləğv edilərkən Əbdülovun işi Fəal Bölməyə göndərilmiş, indi Əbdülov Rəhmanın şəxsi işinin harada olması barədə İşimski rayon şöbəsinin arayış vermək hüququ yoxdur” (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-35).

Sovet rejimi tərəfindən Azərbaycanın milli istiqlal ədəbiyyatına sanballı töh­fələr vermiş Əbdül Rəh­man Dainin yalnız sənədləri, azadlıq vəsiqəsi itirilmə­miş, vətənindən, ailəsindən didərgin, dərbədər salınmış, bütövlükdə həyatı məhv edil­mişdir. Ömrünün son 13 ilini ölüm düşərgələrində, “Buzlu cəhənnəm”lərdə keçi­rən Əbdülov Rəhman Əbdül Rəhman oğlu (Dai) 39 yaşında, 1937-ci ildə qanlı sovet rep­res­siyasının qurbanı olmuşdur.

***

Əbdül Rəhman Dainin ədəbi-bədii irsi ədəbiyyatşünaslar, araş­dırıcılar tərəfindən uzun illər tədqiq edilməmiş, əsərləri zamanın, mühitin duman­lı­ğında görünməz olmuşdur. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra onun “Uşaq və quş”, “Aslan və qurd” şeirləri “Azərbaycan uşaq ədəbiyyatı antalo­giyası”na (Bakı, “Öndər” nəşriyyatı,2004, II cild) daxil olunsa da, bütövlükdə külliyyatı hazırlanıb müasir oxucuya çatdırılmamışdır.

Əbdül Rəhman Dai yaradıcılığa çox erkən başlamış, səkkiz il ərzində (1915-1923) dəyərli əsərlərinin bir qismini nəşr etdirməyə nail olmuşdur. Onun ilk qələm təcrü­bə­ləri arasında lirik və satirik şeirlər üstünlük təşkil etsə də, 1915-ci ilin aprel ayında uşaqlar üçün yazdığı “Rəhimli Səyyah” didaktik hekayəsi gənc və istedadlı bir sənətkarın ədəbiyyata gəlişindən xəbər verirdi. Kitabın üz qabığında “Birinci əsər” yazılan bu nəsr nümunası çox aydın bir dil ilə qələmə alınmş və avto­bio­qra­fik səciyyə daşıyır. Əsər bu cümlələrlə başlayır: “Bir kənddə bir qarı arvad və bir qoca kişi olurdu. Bunlar kasıb olduğundan hər səhər qoca durub işləməyə gedirdi və qarı da cəhrəsini götürüb, yun bir yanında, oturub əyirirdi. Bunların on üç yaşında Əhməd adlı bir oğulları var idi. Əhməd çalışqan və zirək olduğundan atasına həmişə deyirdi:

- Ata, sən daha qocalmısan, bəsdir bu qədər işləmək. İmdi işləmək mənim borcumdur, qoy mən işləyim və sizi dolandırım...” (Əbdül Rəhman Dai. “Rəhimli səyyah”, Bakı, “Məktəb” elektrik mətbəəsi, 1917, səh.3).

Əhmədin anasının adı Gülpəridi və bu ad müəllifin anasının adı ilə də (Gülsüm) səsləşir. Əhmədin də, müəllifin də ata-anaları çox qocadır və kənddə yaşayırlar. Əhməd tutulub aparıl­dıqdan sonra qoca atası bu dərdə dözməyib dünyasını dəyişir. Hadisə əsər çap olunandan on il sonra müəllifin də başına gəlir. Bu nədir? Müəl­lifin antisipasiyası, öncə­görməsidirmi?

Hekayədə xeyirxahlıqla bədxahlıq, zəhmətsevərliliklə müftəxorluq, ziyalılıqla nadanlıq ziddiyyətli prosesdə verilmiş, dövrün qaranlıq mühitindən, sosial, mənəvi bürküsündən, dalanından yeganə xilas yolunu müəllif elmin və təhsilin inkişafında olduğunu nişan vermişdir.

“Fəhlənin nitqi” Əbdül Rəhman Dainin 1917-ci ildə nəşr olunan kiçik­həcmli, ikinci kitabıdır. İlk misralardan Rusiya inqilablarının ideoloji küləyi oxu­cu­nun çöhrəsinə çırpılır:

Görürəm halını yaman, xozein,

Səbəbin gəl eylə bəyan, xozein.

Gələcək günlərin üçün heç də sən,

Ağlayıb, eyləmə fəğan, xozeyin.

(Ə.R.Dai. “Fəhlənin nitqi”. “Baku” qəzetinin mətbəəsi, 1917, s.2)

 

Əbdül Rəhmanın mənsub olduğu fəhlə sinfinin təəssübünü çəkməsi, məna­fe­yini müdafiə etməsi təbii və başadüşüləndir. Lakin, fəhlənin sahibkarı ittiham et­məsi, öz sinfini onlardan intiqam almağa çağırması məlum siyasi xətt tərəf­dar­larının sifarişilə bu əsərin yazıldığı daha çox əminlik yaradır. Əsər satirik üslubda, məsnəvi şəklində yazılmış, zamanında ciddi əks-sədaya səbəb olmuşdur.

Ə.R.Dainin Cümhuriyyət dövrü yaradıcılığı daha məhsuldar olmuş, 23 ayda 3 kitabı işıq üzü görmüşdür. Onun uşaqlar üçün yazdığı digər nəzm parçası “Quru­nun oduna yaş da yanar” (1918) adlanır. Şair bu kitabında da epik mənzərənin poetik imkanlarını məsnəvi biçimində təqdim etmiş,  təhkiyə yolu ilə uşaqlar üçün oxu­naqlı, didaktik əsər yarada bilmişdir. Müəllif əsərin süjetində vurğulayır ki, bir kənddə iki uşaq yaşayır – Nəbi və Səfər. Onlardan birinci çox nadinc, ədəbsiz, ziyankar, ikincisi isə çox tərbiyəli, ədəbli və zəhmətsevər idi. Bir gün Səfər yol ilə evə gedərkən Nəbi onu saxlayır və bağa gəzməyə dəvət edir. Nəbinin ciddi təkidin­dən sonra Səfər təkliflə razılaşır və ona qoşulub bağa gedir. Nəbi özgəsinin bağına girib əncir, üzüm dərməyə, ziyanlıq vurmağa və ucadan qışqırmağa baş­layır. Bağban səsi eşidib hadisə yerinə gəlir və hər iki uşağı tutub yaxşıca kötək­ləyir. Səfər təlaş içəri­sində evə - anasının yanına gəlir, meyvələrə toxunmadığı halda bağbanın onu günahsız yerə kötəkləməsini xəbər verir:

Daxil oldu Səfər öz evlərinə,

Nəql edib macəranı madərinə.

Xəbər aldı anacan, bir de görək,

Mənə bağban nə üçün vurdu kötək?!

Mən ki, əncir və üzüm dərməmişəm,

Nəbitək həm də ziyan verməmişəm.

Ana isə Səfərə öyüd verərək deyir:

Çünki, bağban səni də oğru bilib,

Onun üçün də kötək çoxlu vurub.

Getməsəydin Nəbilə bağa əgər,

Vurmaz idi səni bağban bu qədər.

Bir məsəl var ki, deyibdir atalar:

“Qurunun atəşinə yaş da yanar!”

(Ə. R.Dai. “Qurunun oduna yaş da yanar”. “Şura” mətbəəsi, 1918, s..7-8)

Özünə qarşı ədalətsizliklə, təhqirlə üzləşən Səfər macəranı anasına danışmaqla əslində valideyini tərəfindən müdafiə olunmaq, təsəlli almaq niyyəti güdür. Lakin ana hadisəyə bəsirət gözü ilə baxmağa üstünlük verir, Səfərin günahını Nəbiyə qoşulmasında görür. Ana öz doğma övladına anladır ki, oğruya yoldaş olmaq oğur­luğa şərik çıxmağa bərabərdir.

Əbdül Rəhman Dai atalar sözünün, xalq hikmətinin məna dərinliyini, aktual­lığını və əhəmiyyətini gündəmə gətirməklə uşaq və gənclərin tərbiyəsi sahəsində xalq yaradıcılığının tükənməz qaynaq olduğunu bir daha qabartmışdır.

Şairin Cümhuriyyət dövründə işıq üzü görən növbəti kitabı “Qanqal” (1919) satirik şeirlər toplusudur. “Molla Nəsrəddin” ədəbi məktəbinin satirik ənənələrinə sadiq qalan Dainin şeirlərində ictimai-siyasi, təlim-tərbiyə və ailə-məişət mövzuları mühüm yer tutur.

Onun siyasi motivdə yazdığı “Nikolay dayının usta Məmmədəli ilə molla Əbdül Həmidə yazdığı məktubu” adlı üçhissəli satirası ölkədə nüfuzunu və haki­miy­yəti itirmiş üç rejim rəhbərlərinin sonrakı acı taleyindən bəhs olunan dövrün aktual felyeton incilərindən idi. Misralarında qəzəb, kin-küdurət kükrəyən satiranın ilk beytlərində deyilirdi:

Bilsəydim əgər ki, məni taxtdan salacaqlar,

Vallahi bütün aləmi viran eləyərdim.

Güllə ilə, xəncərlə hamu məxluqu birdən,

Tez öldürərək qanına qəltan eləyərdim.

Qars əhli kimi sağ qalanı çöllərə, sonra,

Avarə salıb, ac-susuz, üryan eləyərdim.

Hamu - şəhəri, kəndi iri bombalar ilə,

Yeksər dağıdıb, yer ilə yeksan eləyərdim.

(Ə. R. Dai. “Qanqal”. “Hökumət” mətbəəsi, 1919, s.2)

 

Satiranın sərlövhəsində adları çəkilən tiranların hər biri fərqli dövlətin, rejimin sabiq rəhbəri olsalar da xalqa münasibətdə eyni düşüncəni sərgiləyirlər. Qurmaq, yaratmaq, yaşatmaq əvəzinə “bütün aləmi viran”, şəhər və kəndləri “yer ilə yek­san”, insanları “qanına qəltan”, sağ qalan əhalini çöllərə “avarə salıb, ac-susuz, üryan elə”məyi Ə.R.Dai bu ağaların iş metodu, mənsub olduğu cəmiyyətə baxış tərzi kimi təqdim etmişdir. Onlar bir həqiqəti unutmuşlar ki, xalqı yaşatmayanı xalq yaşatmaz!

“Qanqal” toplusunda yer alan “Bir kişinin fəryadı”, “Cavanlara nəsihət”, “Ra­ma­­zan sinəzəni”, “Yenə gəlir”, “Nəsihət”, “Ər-arvad”, “Öyüd”, “Qitə”, “Top­buz”, “Or­­dan-burdan” və b. satiralarında Ə.R.Dai “Molla Nəsrəddin” ideya­larına sadiq qal­dığını, Sabir ənənələrinin layiqli davamçısı olduğunu təsdiqləmişdir.

Xalq Cümhuriyyəti dövründə Əbdül Rəhman Dainin istiqlal məfkurəsinə, milli dövlətçiliyə ən böyük xidmətlərindən biri onun “Əsgəri nəğmələr” adı ilə toplayıb 1919-cu ildə Hökumət mətbəəsində nəşr etdirdiyi ordu marşlarıdır. Doğrudur, burada çap olunan mətnlərin müəllifləri və yazıldığı tarix göstərilməmişdir. Lakin güman etmək olar ki, “Əsgəri nəğmələr”in müəyyən bir qismi Dainin qələminə məxsus­dur. Şairin şeirləri ilə “nəğmələr” arasındakı üslub yaxınlığı belə qənaətə gəlməyə əsas verir.

“Azərbaycan əsgəri” adı ilə tanıdığımız məşhur mahnı mətni bu kitabda “Marş” adı ilə yer almışdır. Məlumdur ki, Balaqardaş Səttaroğlunun tərtibilə 1919-cu ildə çap olunan “Ordu marşları”nda (Toplu 1993-cü ildə fil.ü.f.dok. Sədaqət Məmmə­dovanın transfoneliterasiyası ilə işıq üzü görmüşdür – A.R.) bu mətnin müəllifi türkiyəli şair Əli Kamidir. Hər iki əsgəri nəğmələr kitabında eyni şeir cüzi fərqlərlə çap olunmuşdur. “Əsgəri nəğmələr” (tərtibçi Ə.R.Dai) kitabında adı çəkilən marş mətninin təfiləsi “Qafqazın şanlı əsgəri”dirsə, “Ordu marşları”nda (tərtibçi B.Sət­taroğlu) “Azərbaycan əsgəri”dir. Etiraf edil­məlidir ki, Azərbaycan Xalq Cüm­huriy­yəti dövründə milli ordumuz tərəfindən sevilə-sevilə oxunan “Marş”ın mətnini Əli Kami Ağüz (1873-1945) yüksək vətənpərvərlik ruhu ilə qələmə almışdır.

Böyük sənətkarlıqla yazılmış “Əsgəri nəğmələr”də vətənə, xalqa sədaqət andı, məhəbbət himni səsləndirilmiş, Azərbaycanın görkəmli sərkərdələri, hərbi xadim­lərindən general Səməd bəy Mehmandarov, Həbib bəy Səlimov sevgi və sayğı ilə tərənnüm olunmuşdur. Əsgəri nəğmələrdən birində “Səməd paşa sərda­rımız, qan axıdar xəncərimiz” misrasında komandanlıqla sıravi heyətin birliyindən yaranan gücə, qüdrətə inam ifadə olunursa, həmin şeirin digər beytində:

Düşmənləri qəhr edəriz,

Yurdlarını məhv edəriz,

Aslan kimi cəng edəriz,

Biz bir tabor aslanlarız!

 - deyən gənc döyüşçülərin özünə inamı, düşmənlərə nifrəti qabarıq ifadə olun­muşdur.

Topluda vətənpərvərlik hissləri, millətsevərlik duyğuları böyük yanğı və coşğu ilə verilmişdir. “Marş”lardan birində yer almış “Canım fəda olsun Azərbay­cana” misrasının mənəvi siqlətini, ideya-emosional yükünü “Əsgəri nəğmələr”in aparıcı leytmotivi adlan­dırsaq zənnimcə səhv etmərik.

Əbdül Rəhman Cümhuriyyət dövrü mətbuat orqanlarında çap etdirdiyi lirik şeirlərində də yurd­sevərlik, dövlətçilik  duyğusu aşılayan mövzulara üstünlük ver­mişdir. Məlumdur ki, 1920-ci ilin Novruz bayramı gecəsi Xankəndində və Əsgə­randa erməni bandaları Azərbaycan ordusunun qışlalarına xaincəsinə soxularaq çoxsaylı zabit və əsgərlərimizi qətlə yetirmişdilər. Səməd bəy Mehmandarovun komandanlığı altında az bir müddətdə üsyan yatırılmış, Qarabağ erməni banda­larından azad edilmişdir. Həmin dövrda Ə.R.Dainin döyüş meydanına yola düşən “Əsgərlərimizə” yazdığı şeir diqqətəlayiqdir:

Ey vətənin dilavər əsgərləri!

Ey vətənin aslanlanı, nərləri!

Şanlı, şücaətli, igid ərləri!

Tanrı sizə kömək olsun, yar olsun!

 

...Ey ucaya qaldıranlar bayrağı!

Hifz eyləyin bu müqəddəs torpağı!

Gedin, qovun, xainləri, alçağı!

Düşmənlərmiz vətəndən kənar olsun.

(Ə.R.Dai. “Əsgərimizə”. “Azərbaycan” qəzetəsi, 1920, 28 mart, № 61)

Ə.R.Dainin “Azərbaycan” qəzetində çap etdirdiyi “Əsgəranın alınması münasi­bətilə” (7 aprel 1920-ci il), “Qaçqınlar” (5 aprel 1920-ci il), “Çalışmaq” (20 aprel 1920-ci il), “Bir yaralı əsgərin dilindən” (21 aprel 1920-ci il) və b. şeirlərində dövrün, zamanın ən aktual problemlərinə şair, ziyalı münasibəti bildirilmiş, vətənə və dövlətçiliyə sevgi, sədaqət hissi aşılanmışdır.

Cümhuriyyətin süqutundan sonra Əbdül Rəhman Dai bir müddət işsiz qal­ır. Gizli “İstiqlal” qəzetindəki fəaliyyəti isə qoca ata-anasını dolandırmaq üçün yetərli deyildi. Onun “Kommunist”, “Gənc işçi”, “Maarif və mədəniyyət” və b. mətbuat orqanlarında çap etdirdiyi şeirləri, xalq yaradıcılığına dair araşdırma xarakterli, günümüzlə səsləşən məqalələri Dainin istedadlı və vətənpərvər bir aydın, yorulmaz qələm sahibi olduğunu təsdiqləyir. Dai bəzi lirik duyğularında narahatlığını dilə gətirir, sabahını görür, bədbinliyə qapılır. Keçirdiyi hissləri həmyaşıdları ilə bölüş­məkdən çəkinmir. Onun “Maarif və mədəniyyət” jurnalında nəşr etdirdiyi “Bulun­maz” sərlövhəli lirik şeirində sovet rejiminin amansızlığı, qəddarlığı üstüörtülü şəkildə olsa da vurğulanır, yaxınlaşan təhlükəöncəsi yaşanan çarəsizlik hissi büru­zə verilir.

Məgər mənim dərdim birmi, ikimi?

Öylə dərddir onun yoxdur həkimi.

Sağaltmağa bilməm çağırım kimi,

Dərman bulunsa da loğman bulunmaz!

(Ə.R.Dai. “Bulunmaz”. “Maarif və mədəniyyət” jur., 1923, № 4-5, səh.50)

 

- Dai azadlıq və müstəqillik dərdinin dərmanını xalqda görürdü, arayırdı, millətin öz yarasına məlhəm tapacağına inanırdı. Lakin, bu dərdin loğmanları, siyasi liderləri rejim tərəfindən ya qətlə yetirilmiş, ya da vətəndən didərgin salın­mışdır. Xalqın yeni bir lider yetirməsi prosesi uzun çəkə bilər, onu gözləməyə lirik qəhrəmanın nə səbri, nə də ömrü yetişməz. Şair dərddən, istiladan xilas olmağın yeganə yolunu kiminsə, hansı loğmanınsa (M.Ə.Rəsulzadəninmi, Ə.M.Top­çu­başo­vunmu-A.R.) vətə­nə çağrılmasında görürdü.

Əbdül Rəhman Dainin həbsdən əvvəl “Maarif və mədəniyyət” jurnalında çap etdirdiyi digər bir əsəri - “Qürbət ellərdə” adlı şeiri elə bil müəllifin düçar olacağı məşəqqətlərin öncədən qələmə alınmış antisipasiyasıdır:

Çıxmaqdadır ərşə ahım, fəğanım,

Qəribəm, kimsəyə yoxdur gümanım.

Yurdsuzam, nə evim var, nə məkanım,

Məcnun kimi çöllərdə qalmışam mən.

 

Qürbətdə yaşamaq sanki zindandır,

Pəjmürdə halıma səbəb hicrandır.

Könlüm el tənəsindən dolu qandır,

Ah, nə edim, dillərdə qalmışam mən!

(Ə.R.Dai. “Qürbət ellərdə”. “Maarif və mədəniyyət” jur., 1923, № 8-9, s.44)

 

Rəhman Əbdül Rəhman oğlu on üç il qürbətdə, sovet rejiminin ölüm düşər­gələrində, qapalı, soyuq zindanlarında ah-fəğan içərisində yaşadıqdan sonra 1937-ci ildə, 39 yaşında qırmızı terrorun qurbanı olmuşdur. Milli istiqlal poeziyamızın görkəmli nümayən­dəsi, folklorşünas, mətbuat xadimi, Cümhuriyyət şairi Əbdül Rəhman Dai özündən sonra zəngin və sanballı ədəbi-bədii irs qoyub get­miş­dir. Onun mübarizələr, tufanlar içərisindən keçən ömür və yaradıcılıq yolu, milli istiqlal məfkurə­sinə bəxş etdiyi dəyərli töh­fə­lər çağdaş gəncliyimiz üçün qürur mənbəyi, mücadilə örnəyidir.

Asif RÜSTƏMLİ

Filologiya elmləri doktoru, professor

Eksklüziv olaraq AYB.az üçün

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə