İyun ayının 6-da Kitabevim.az-da Azərbaycan , Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü,”Nicat” Moskva Qadınlarının Xeyriyyə fondunun idarə heyətinin üzvü,həkim, şair, publisist və tərcüməçi Afaq Şıxlının yeni kitabı - “Sənə demədiklərim”–in imza günü oldu.

 

AYBKitab layihəsi çərçivəsində nəşr olunan bu şeir toplusunun böyük rezonans verəcəyi əvvəlcədən bəlli idi ki, bu da şairənin vətənində qazandığı hörmət və sevginin təzahürü idi.

Afaq Şıxlı şeirinin işığına toplaşanlar sevimli yazarlarını əhatəyə alaraq şairənin söhbətlərini dinləyir, yeni kitabı diqqətdən keçirirdilər.

AYB-nin mətbuat katibi şair Xəyal Rza AYBKitab layihəsi haqda və Afaq xanımın yaradıcılığı barədə danışaraq, şairəni bu yeni işi münasibətilə təbrik etdi.  O, qeyd etdi ki, bu kitab Afaq Şıxlının AYBKitabla ilk əməkdaşlığıdır və bu əməkdaşlıq bundan sonra da davam edəcək.

Sonra söz “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri, şair Fərqanə Mehdiyevaya verildi.

Fərqanə Mehdiyeva, “Vətən” bacım çağırdığı qürbətdə yazıb-yaradan şairəni Vətənə gəlməsi və yeni övladı - “Sənə demədiklərimin...” işıq üzü görməsi münasibətilə təbrik edərək ona böyük yaradıcılıq uğurları arzuladı. Eyni zamanda, şairənin qızı - istedalı gənc yazar Nilufər Şıxlını da, V şairlər günündə uğurlu tərcümələrinə görə layiq görüldüyü Mikayıl Müşfiq adına mükafat münasibətilə təbrik etdi və qeyd etdi ki, Nilufər xanımın nəinki tərcümələri, eləcə də "Ulduz" jurnalında dərc olunan yazıları oxucuların rəğbətini qazanıb.

Yazıçı-publisist Məti Osmanoğlu Afaq Şıxlı yaradıcılığını daim izlədiyini söylədi. O, şairənin Vətəndən uzaqlarda yaşamasına baxmayaraq, öz milli köklərinə bu qədər bağlılığını və övladlarını da bu ruhda tərbiyə etdiyini alqışladı. Eyni zamanda, Məti Osmanoğlu, bir neçə ay öncə "Ulduz" jurnalı ilə Ədəbiyyat qəzetinin birgə layihəsi əsasında keçirilən tərcümə yarışmasında şairənin qızı Nilufər Şıxlını böyük məmnunniyyətlə Birinci yerə layiq gördüyünü söylədi: “Nilufər xanım anasının layiqli davamçısıdır və, Rusiyada yaşamasına baxmayaraq, hər iki dildə yazması, tərcümə etdiyi əsərlərin yüksək keyfiyyəti - onun gələcəkdə daha böyük uğurlar qazanacağına əminlik verir. V şairlər günündə ona təsis edilən M. Müşfiq mükatatı münasibətilə gənc şairəmizi təbrik edirəm!”

 

Tədbirdə bir çox ziyalılar: Azərbaycan Dövlət Pedoqoji universitetinin professoru, doktor  Minəxanım Təkləli, şair-publisist Nəcibə İlkin, Azərbaycan radiosunun aparıcısı Sitarə İsmayıl, şair İbrahim İlyaslı, yazar, tərcüməçi Sevil Gültən,Moskvada yaşayan hüquqşünas və şair Yaşar Süleymanlı, Moskvada fəaliyyət göstərən xeyriyyəçi, həkim Məhsəti Əliverdiyeva, şairə Şəfəq Sahib, Xanım Aydın və başqalarıçıxış edərək Afaq Şıxlı haqda səmimi sözlər söyləyərək, bu işıqlı insana olan rəğbət və ehtiramlarını bildirdilər.

İmza günündə gənc şairlər, ədəbiyyatsevərlər, şairənin daimi oxucuları: şair İltimas Səmimi, gənc şair Fuad Biləsuvarlı, Reqion.TV-nin redaktoru jurnalist Safura Çərkəzqızı, Turan İA-nin redaktoru İlham Şaban, Şəhanə Müşfiq, Xanım Nuru, Lələ, Ülkər Musazadə, qəzəlxan İlqar Bizəban, Samid Əziz və digərləri iştirak edirdilər.

Şair Qabil Ədalər Afaq Şıxlıya, şairənin müqəddəs Vətən mövzusuna həsr olunmuş şeiri ilə açılan “Bitməz könlümün Vətən sevgisi!” adlı yeni almanaxı hədiyyə etdi.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyininsədr müaviniHəbib Misirov və “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal şairəni yeni kitabı münasibətilə təbrik edərək, Ocağın sədri Qənbər Şəmşiroğlu tərəfindən imzalanmış “Mədəniyyətimizin, ədəbiyyatımızın, şeir sənətimizin inkişafı ndakı və Azərbaycanı xaricdə layiqincə təmsil etdiyi xüsusi xidmətlərinə görə” Təşəkkür bəlgəsini təqdim etdi.

Dünya Gənc Türk Yazarlar Birliyinin layihə yönətməni Əfsanə.B. Ələsgərli Afaq Şıxlıya, ABAİ İB başqanı dr. Qənirə Paşayeva və DGTYB Məsləhət Şurası başqanı Əkbər Qoşalı tərəfindən imzalanmış “Azərbaycan ədəbiyyatının təbliği, başqa dillərə şevrilməsi sahəsində ardıcıl çalışmalarına görə”  Onur Plaketi təqdim etdi.

Gənc şair İntiqam Yaşar, şairəyə çiçək dəstələri ilə birgə, DGTYB-nin fəxri fərmanını təqdim etdilər.

Şairə və qiraətçi Ülkər Dəniz (Piriyeva) Afaq Şıxlının “Bu dünyada Ana vardı...” adlı yeni şeirini xüsusi gözəlliklə ifa edərək qəlbləri riqqətə gətirdi.

Sonda Afaq Şıxlı, tədbir təşkilatçılarına, Kitabevim.az heyətinə və gələn qonaqlara öz təşəkkürlərini bildirdi. Şairə Ədəbiyyatın, poeziyanın insan talelərində və bəşəriyyətdə önəmli rolunu qeyd edərək, gənclərimizi Ədəbiyyata çox ciddi yanaşmağa çağırdı. Şairə dostların təkidi ilə bir neçə şeir oxudu.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə