Son xəbərlər

 

Şair-publisist Fəxrəddin Meydanlının (Fəxrəddin Seyfəddin oğlu Əzizov) 60 yaşı tamam olur. O, 1954-cü ilin 10 aprel tarixində Azərbaycan Respublikasının Ucar rayonunun Boyat kəndində müəllim ailəsində anadan olmuş, 1961-1971-ci illərdə Boyat  kənd orta mətəbində oxuyaraq, tam orta təhsil almışdır.

 

O, orta məktəbi bitirdikdən sonra iki il M.Fizuli adına kolxozda çalışmış və 1973-cü ildə D.Bunyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) «Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı» fakultəsinin «Əməyin iqtisadiyyatı» ixtisası üzrə qiyabi şöbəsinə daxil olaraq, 1980-ci ildə təhsilimi başa vuraraq iqtisadçı ixtisasına yiyələnmişdir.

Fəxrəddin Meydanlı 1973-1974-cü illərdə Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Bakı şəhərindəki Təmir Tikinti Quraşdırma İdarəsinin Ucar şəhər sahəsində yerləşən sahəsində, 1974-1975-ci illərdə isə 5 №-li «Azərkəndtikinti» trestinin Ucar şəhərindəki 50 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsində fəhlə işləmişdir.

 O, 1975-1977-ci illərdə Stavropol diyarındakı 1904 №-li Xüsusi Texniki Tikinti Botalyonunda Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

Hərbi xidməti başa vurduqdan sonar o, təhsilini davam etdirmklə yanaşı, 1977- 1983-cü illərdə Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Bakı şəhərindəki Evlərdə Zəhmət Kombinatında mühasib və mühəndis vəzifələrində, 1983-1989-cu illərdə isə həmin Nazirliyin mərkəzi aparatında iqtisadçısı və şöbə müdiri vəzifələrində çalışmışdır.

Fəxrəddin Meydanlı 1989-2003-cü illər ərzində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mərkəzi aparatında müxtəlif məsul vəzifələrdə, 2003-2008-ci illərdə isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında şöbə müdirinin müavini vəzifəsində çalışmışdır.

O, 2008-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisində ixtisası üzrə çalışır.

Ailəlidir. Üç övladı var.

          Gənc yaşlarından poeziyaya olan tükənməz sevgisi, ötən əsrin 70-ci illərinin əvvəllərindən Fəxrəddin Meydanlını özünü də şeir yazmağa sövq etmişdir.

“Sevdalı könüllər” adlı ilk şeirlər kitabı “Yazıçı” Ədəbi Nəşrlər evi tərəfindən 2000-ci ildə, “Azərbaycan torpağı - gözəlliklər diyarı” adlı ikinci şeirlər kitabı “Ozan” nəşriyyatının qrifi ilə CBS mətbəəsində  2004-cü ildə, “Sevənlər qocalmır” adlı üçüncü şeirlər kitabı və anadan olmağının 55 illiyinə həsr olunmuş “Həyatın yolları keşməkeş - Fəxrəddin Meydanlı 55” adlı kitabı “Şirvannəşr” nəşriyyatının qrifi ilə CBS mətbəəsində 2009-cu ildə, “mükəmməl adam” adlı kitabı isə “Oğuz evi” nəşriyyatının qrifi ilə CBS mətbəəsində 2010-cu ildə çapdan çıxmışlar.

          Çairin sözlərinə Qismət Əliyevin bəstələdiyi mahnılardan ibarət “Sevdalı könüllər” adlı kompaq disk və eyni adlı audiokaset 2004-cü ildə işiq üzü görmüşdür.

          Bu mahnılar eyni zamanda “Min bir nəğmə” adlı mahnılar toplusunda da yer almışdır.

          Fəxrəddin Meydanlının şeirləri və publisistik yazıları dövrü mətbuatda mütamadi olaraq çap olunur.

          O, Azərbaycan Jurnalistlər Birliyinin(2004), Azərbaycan Yazıçılar Birliyinin(2006)  və Azərbaycan Aşıqlar Birliyinin(2010) üzvüdür.

          Azərbaycan Yazıçılar Birliyi şair-publisist Fəxrəddin Meydanlını 60 illik yubileyi münasibəti ilə onu təbrik edir, Allahın ona ayırdığı ömür kəsiyində xoş anlar, günlər, aylar, illər və yaradıcılıq uğurları arzulayır.

 

****************************

 

Gözləri yollarda qalıb Şuşanın

 

Gözəldir yurdumun aranı, dağı,

Şirvanı, Şəkisi, həm Qarabağı.

Yayılıb dünyaya səsi, sorağı,

Gözləri yollarda qalıb Şuşanın.

 

Xan babam tikdirən Şuşa qalası,
Seyyidin, Cabbarın, Xanın atası.

Sanma ki, Natavan rahat yatası,

Gözləri yollarda qalıb Şuşanın.

 

Yanır “Cıdır düzü”, solur “Xan bağı”,

Gözləyir qonağın “İsa bulağı”.

“Turş su”yun üstünün gedib yığnağı,

Gözləri yollarda qalıb Şuşanın.

 

Çəkibdir üzünə dumandan tülü,

Xar olub gülləri - “Xarı bülbül”ü.

Müddətdir cücərmir süsən-sünbülü,

Gözləri yollarda qalıb Şuşanın.

 

Bül-Bülün cəh-cəhi ən uca qatda,

Üzeyir boy alıb bu doğma yurdda.

Az qalır unudaq onu bu adda,

Gözləri yollarda qalıb Şuşanın.

07.01.2012-Bakı

 

Qarabağım(QƏZƏL)

 

Gülüstandır yurdum mənim, tər çiçəyi Qarabağım,

Ətir saçan qızıl gülün, hər ləçəyi Qarabağım.

 

Bu dünyanı gəzib dolaş, gör nə qədər bəzəyi var,

Cənnət adlı məkan desən, ən gerçəyi Qarabağım.

 

Dağ da burda, bağ da burda, şamamalı tağ da burda,

Naz-qəmzəli gözəllərin, ən göyçəyi Qarabağım.

 

Doğma yurdun palıd-palıd, şaxələnib budaqları,

Uca boylu, qulac telli, qız birçəyi Qarabağım.

 

Meydanlıyam, Şuşa canım, Ulu Şirvan - Boyat elim,

Sevincimin, fərəhimin, gələcəyi Qarabağım.

07.01.2012-Bakı

 

fərsiz olmuşuq

 

Çayın kənarında, tor yada düşər,

Kababdan doyanda, şor yada düşər.

“Can” demək yerinə, “çor” yada düşər-

şəkərsiz, şirinsiz, balsız olmuşuq,

Bəs niyə biz delə fərsiz olmuşuq?!

 

Əlimiz yetməyir dibə, dərinə,

“Çatmırıq” yaxının xeyir-şərinə.

Palazlar sırınır xalı yerinə-

çeşnisiz, butasız, xalsız olmuşuq,

Bəs niyə biz delə fərsiz olmuşuq?!

 

“Dost” deyib, görüşüb, qucaqlaşırıq,

Üzdə tərif deyib, nər tək coşuruq.

Arxada iftıra düzüb-qoşuruq -

biz haçan qeybətsiz-qalsız olmuşuq,

Bəs niyə biz delə fərsiz olmuşuq?!

 

Şəxsi mənafeyin marağındayıq,

“Ali cənablar”ın ayağındayıq.

Süfrə açılmamış qırağındayıq -

göbək şişirtmişik, halsız olmuşuq,

Bəs niyə biz delə fərsiz olmuşuq?!

 

Nə torpaq, nə Vətən, nə məssəb, nə din,

Çəkmədik təsibin, olmadıq mətin.

Gözlədik yolunu biz “ədalət”in -

çatmayır səsimiz, carsız olmuşuq,

Bəs niyə biz delə fərsiz olmuşuq?!

 

Dərbəndim, Təbrizim, Borçalım yadda,

İrəvan, Zəngəzur, Göyçəm bir adda.

Ucalmır bayrağım Pənahabadda -

nədəndir igidsiz-ərsiz olmuşuq,

Bəs niyə biz delə fərsiz olmuşuq?!

 

Sabir də, Pünhan da yazıb, qoy olsun,

Gərəkdi su qabda dursun, durulsun.

Fəxrəddin Meydanlı desin, yorulsun -

onsuz da əzəldən arsız olmuşuq,

Bəs niyə biz delə fərsiz olmuşuq?!

23.12.2012-Bakı

 

...dəniz deyim, göz deyim    

 

Elə bil dəniz uyub gözlərinin içində,

Sakit, səssiz, dalğasız, güzgü kimi ap-aydın.

Çox gözlərin içində göz axtarıb, seçəndə,

Dəniz kimi duyğulu gözlərində dayandım.

 

Gözlərin dəniz kimi mənimsəyib ümmanı,

Dibində görünməyən tükənməz bir sirri var.

Gətirib təlatümə, dəniz gözün dünyanı,

Dəniz gözün gözünü kipriyiylə qucaqlar.

 

Sən sevirsən dənizi, dənizsə sevir məni,

Dənizdən iki sevgi düşür mənim payıma.

Kimə verim könlümü, sənə ya dənizəmi,

Dəniz elə gözündü, gözün yetər hayıma.

 

Heç bilmirəm gözünə dəniz deyim, göz deyim,

Axı gözlərin dəniz, dəniz elə gözündü.

Çox istədim gözünə bir tərifli söz deyim,

Gördüm tərif gözündü, gözün elə özündü...

27.05.2010-Bakı

 

 

Yerdə mələk olmaz, bu necə işdi

 

Hər gülün üstündə olmaz şəbnəmi,

Hər çiçək yayılıb qucmaz çəməni.

Hər gülüş heyrətə salmaz aləmi-

hər üzdə görmədim, bu nə gülüşdü,

Yerdə mələk olmaz, bu necə işdi.

 

Sənə “gözəl” desəm, insafsız ollam,

Sənə huri düsəm, bil ki, yanıllam.

Üzündə nuruna baxıb durullam-

baxışın gözümdən canıma keçdi,

Yerdə mələk olmaz, bu necə işdi.

 

Tanrı hər gözələ, bir az kəm verib,

Hər şeyin yarısın, bölüb tən verib.

Sənə nə veribsə, tamam-cəm verib-

bu necə süzüşdü, necə yerişdi,

Yerdə mələk olmaz, bu necə işdi.

 

Sənin xalın solda, mənimki sağda,

Sallanıb meyvə tək qoşa, budaqda.

Kipriyin ox kimi durub ayaqda-

qaşların Aypara, gözün Günəşdi,

Yerdə mələk olmaz, bu necə işdi.

 

Görəndə bildim ki, ilham pərimsən,

Üzümə sökülən dan, səhərimsən,

Şairəm, sən mənim şah əsərimsən-

Fəxrəddin fikrini sənlə bölüşdü,

Yerdə mələk olmaz, bu necə işdi.

23.08.2011-Bakı

 

 

Qaldı

(Aşıq Ələsgərsayağı)

 

Çərşənbə sabahi, küləkli gündə,

Gözlərim göp-göyçək xanımda qaldı.

Görmədim beləsin toyda-düyündə,

Uzaşdı, qadası canımda qaldı.

 

Bir görüb, beş yazdım, susdu, dinmədi,

Durduğu zirvədən baxdı, enmədi.

Bu yeni sevdaya heç sevinmədi,

Qurudu mat-qutum, qanımda qaldı.

 

İstədim çağıram, dedim ki, gəlməz,

Qorxdum ki, bir daha gözə görünməz.

Yolunda çəkdiyim ağlına gəlməz,

Fəxrəddin, nə dedim, yanımda qaldı.

23.01.2013-Bakı

 

 

Gözəldir

(aşıqsayağı)

 

Üzündə, gözündə yoxdur nöqsanı,

Həlimdir gülüşü, şirindir qanı.

Min canın içində seçilər canı,

Əhvalı gözəldir, halı gözəldir.

 

Boyu var - boylardan uca bir çərək,

Xınalı saçları var xərək-xərək.

Ağ-appaq geyinib, deyildir mələk,

Çiyninə saldığı şalı gözəldir.

 

Geniş sinəsi var, uzun boyunu,

Sürməli gözləri edir “oyun”u.

Qızmıdır, bəlkə də görüb toyunu,

Üzündən boylanan xalı gözəldir.

 

Fəxrəddin Meydanlı, sabahın çağı,

Sayalı olacaq gözəl ayağı.

Bilmirəm, gələrmi bir də sorağı,

Yerişi, duruşu, beli gözəldir.

02.07.2012-Bakı

 

Bənövşə

 

Gəlişin ilk olar, hər ilk fəsildə,

Yaxada yerin var, butasan teldə.

Yüzlərlə pəri var mahalda, eldə,                

Çəməndə bircəsən pəri, bənövşə.

 

Qışı yola salan, yazdan müjdəsən,

Keyfini kim pozub, nə pəjmürdəsən?!

Gəl bükmə boynunu, noolar küsmə sən,

Bir dəfə baxsana, bəri, bənövşə.

 

Bağçada çiçəyi, gülü saydılar,

Gül-gülə bənzəyər, çoxu taydılar.

Qızlara adını, ad da qoydular,

Könüldə tutmusan yeri, bənövşə.

 

Gül var gözəlsə də, ətri bilinməz,

Gül var ətir saçar, özü görünməz.

Gül də var surəti gözdən silinməz,

Güllərin bəzəyi, zəri, bənövşə.

 

Harda boy qaldırsan ora, yaraşıq,

Sinəsin dəldiyin qara, yaraşıq.

Bahara yaraşıq, bara, yaraşıq,

Buraxma yaxına şəri, bənövşə.

 

Yaz ötsə, gül ömrün yetsə də sona,

Göz yumub açınca bir il dolana.

Girərsən təzədən mavi bir dona-

dönərsən baharla geri, bənövşə.

 

Ürkəkcə boylanıb kolun dibindən,

Bükərsən boynunu sən ədəbindən.

Fəxrəddin Meydanlı coşar təbindən,

Güllərin kövrəyi, təri bənövşə.

09.07.2012-Bakı

 

 

Amandır, demə ki, “həmən-həmənsən!”

 

Sən o çiçək deyilsən-mənim dərdiyim,

Ləçəyi üstündə şəbnəm gördüyüm-

    dünyada hər şeydən artıq sevdiyim.

Nə zaman o zaman, nə də o sənsən,

Amandır, demə ki, “həmən-həmənsən!”

 

Mən görən, mən bilən, başqa qız idi,

Nə qədər söyləsəm tərif, az idi.

Onunla ötüşən hər an, yaz idi.

Yenə təravətli, yenə gözəlsən,

Amandır, demə ki, “həmən-həmənsən!”

 

“O qız” səs verərdi, hər an səsimə,

Qatardı nəfəsin, öz nəfəsimə.

Heyranam səsinin təranəsinə.

Mənimçün həmişə təksən, əzəlsən,

Amandır, demə ki, “həmən-həmənsən!”

 

Söz ilə əməlin yeri ayrıdır,

Bilirəm, “günahkar” həyat-qayğıdır.

Mənim umacağım, təkcə sağıdır.

Fəxrəddin çağırsa, durub gələnsən?

Amandır, demə ki, “həmən-həmənsən!”

31.08.2012-Bakı

 

Bülbül ləhcəsi var səsində, Ayşən

 

(Beynəlxaq Muğam mərkəzində  keçirilən  “IV  Televiziya  

Muğam  Müsabiqəsi”nin (2013)   iştirakçısı,   Azərbaycan

Respublikasıbın   əməkdar   artisti - dəyərli   müğənnimiz

Gülyaz xanım Məmmədovanın tələbəsi,  ecaskar səsli ilə

elə ilk  gündən  muğamsevərlərin  sevimlisinə   çevrilmiş

gənc  xanəndə   Ayşən  xanım  Mehdiyevaya)

 

Tovuzdan Bakıya bir yol keçmisən,

Muğamı özünə sənət seçmisən.

Gülyazın əlindən sən su içmisən -

gələndə avazın bu oba, el, şən,

Bülbül ləhcəsi var səsində, Ayşən!

 

Bəzəksən səhnəyə, bir yaraşıqsan,

Ərəbzəngimisən, yoxsa aşıqsan?

Muğam məğrur çinar, sən sarmaşıqsan -

məskənin laləzar, çiçəkli gülşən,

Bülbül ləhcəsi var səsində, Ayşən!

 

Səsinə kəsilib “Kəsmə şikəstə”,

“Zəminxarə” oxu, sağalsın xəstə.

Məlhəm var elə bil bu adi səsdə -

Boğaz şən, dodaq şən, ağızda dil şən,

Bülbül ləhcəsi var səsində, Ayşən!

 

“Şahnaz” de bir ağız - xoş təranəsi,

Sən “Qatar” oxusan tutar hər kəsi.

Ahəstə zümzümən suların səsi -

bulaq şən, çağlayan çaylarda sel, şən,

Bülbül ləhcəsi var səsində, Ayşən!

 

“Mayə”ni başlayıb könül yaxanda,

“Əraq”da kükrəyib, şimşək çaxanda.

Pərdədən-pərdəyə enib-çıxanda -

bəyaz üz, mavi göz, xurmayi tel şən,

Bülbül ləhcəsi var səsində, Ayşən!

 

Səsinə biçilib muğamın donu,

Oxu da, gözüntək qoru sən onu.

Dəryadır muğamlar, görünməz sonu -

gəziş guşələri aramla gəl, şən,

Bülbül ləhcəsi var səsində, Ayşən!

 

Oxu sən, səsinin nazı, ədası,

Yayılsın aləmə, şirin sədası.

Səndən uzaq olsun pis göz xatası -

aparsın uzağa səsini yel, şən,

Bülbül ləhcəsi var səsində, Ayşən!

 

Uşaq da, böyük də heyran mehrinə,

Fəxrəddin Meydanlı düşüb sehrinə,

Hakimsən dünyanın “səs şəhəri”nə -

gün də şən, ay da şən, fəsil də, il, şən,

Bülbül ləhcəsi var səsində, Ayşən!

20.08.2013-Bakı

 

Adam var - söz adamı,

Adam var - üz adamı.

Adam var ipək təki,

Adam var - bez adamı.

18.08.2013-Bakı

 

bəlkə də gəldi...

 

Dolandım o yerin səhər başına,

Ayaq izlərini yumuşdu yağış.

Çıxmadın qəfildən mənim qarşıma,

Nə özün göründün, nə odlu baxış.

 

Təravət duymadım, bu baxça, çəmən-

elə bil ətrini səndən alırmış.

Dinlədim, quşların nəğməsi - həmən,

Sən demə nəğmələr təranən imiş.

 

Əl çəkdi saçıma səhər küləyi,

Nə sığal - o sığal, nə əl - o əldi.

Yubanmaq zamanın, vaxtın kələyi,

Ümid sabahadır, bəlkə də gəldi...

10.10.2013-Bakı

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə