Son xəbərlər

 

Bu sevdanın günəşinə
Günəşi nə, atəşi nə?
Bu günəşin atəşinə
Sən də yandın, mən də yandım.

Sevda dolu o anları,
Baharları, xəzanları,
O park, o xiyabanları
Sən də andın, mən də andım.

Biz sarvandıq, bu eşq karvan.
Bu karvanın yolu rəvan.
Xoşbəxtlikdir ən son ünvan,
Sən də sandın, mən də sandım.

Məni səndən soruşdular.
Səni məndən soruşdular.
Qanı candan soruşdular.
Sən də dandın, mən də dandım.

Qoydu bizi gör nə hala,
Çapdı atını dördnala,
Çata bilmədik vüsala.
Sən tələsdin, mən yubandım.

Deyirdin “Dinlə, əzizim”
Bu eşqin bükülməz dizi.
Bir ölüm ayırar bizi.
Sən danışdın, mən inandım.

Səni mənə yad etdilər.
Bu eşqi bərbad etdilər.
Min fitnə-fəsad etdilər.
Sən səbr etdin, mən usandım.

Dedilər: “Danış düzünü!”
Sordular sözün yüzünü.
“Onu sevirəm” sözünü,
Sən söylədin, mən utandım

Yetməsək də muradına,
Heç düşdümmü mən yadına?
Bu məhəbbətin oduna
Sən isindin, mən qalandım.

Nələr çəkdik, kimsə bilməz.
Aşiq ölər, eşqi ölməz.
Eşqin yolu gedər-gəlməz,
Sən gedirdin, mən dayandım.

Leyli sən, Qeys Qaya imiş.
Dünya yalan, riya imiş.
Bu sevgi bir röya imiş,
Sən mürgülü, mən oyandım.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə