Son xəbərlər

 

 "Azərbaycan" jurnalının ilk nömrəsi 1923-cü il yanvar ayının 28-də çıxıb. O vaxt jurnal "İnqilab və mədəniyyət" adı altında nəşr edilib. 1997-ci ildən dərginin baş redaktoru ölkənin tanınmış jurnalisti, tənqidçi, tərcüməçi İntiqam Qasımzadədir.

Əməkdar İncəsənət xadimi İntiqam Qasımzadə ilə müsahibəni təqdim edirirk.

- İntiqam müəllim,“Azərbaycan” jurnalının 93 yaşı yenicə tamam olub. Bu münasibətlə Sizi, başçılıq etdiyiniz kollektivi və oxucularınızı təbrik edirik. Jurnalın uzunömürlülüyü nə ilə izah olunur?

- 93 yaşlı jurnalı təbrik etdiyinizə görə minnətdarlığımı qəbul edin. Uzunömürlülük nə ilə izah olunur? Öz vəzifəsinə sadiq qalmağı ilə. Jurnal düz 93 ildir ki, oxucuları Azərbaycan ədəbiyyatında yaranan əsərlərlə tanış edir. Bu dərgi ədəbiyyatımızın aynasıdır. Nə varsa, onu göstərir. Ona görə də hər dövrün ədəbiyyatı necədirsə, jurnalı da elədir.

- Nəşrin indiki adı onun məzmunu ilə nə dərəcədə həmahəngdir? Axı, “Azərbaycan” adını daşıyan jurnalda təkcə bədii yazı nümunələri yox, ölkədaxili istənilən mövzuda material vermək olar ?!

- Jurnalın indiki adını 1953 – cü ildə Səməd Vurğun qoyub. O vaxta kimi başqa adlar altında çıxıb. Zənnimcə, uğurlu addır. Jurnalımızda dərc olunan yazıların altındakı imzalar, dərgimizin coğrafiyasının nə qədər geniş olduğunu göstərir. Qaldı jurnala niyə yalnız bədii əsərlər və ədəbiyyatla bağlı yazılar verilir sualına, sadəcə, ona görə ki, bu jurnalın təyinatı belədir. Dərgimizin adının (“Azərbaycan”) altında “ədəbi – bədii jurnal” jazılıb. Mənim fikrimcə, hərə öz işi ilə məşğul olmalıdır, dediyiniz “ölkədaxili istənilən mövzu”da yazan kifayət qədər rəngli jurnallar var.

- Yenə də ad barədə. 1953-cü ilə qədər bu nəşr ən müxtəlif adlarla oxuculara təqdim edilib. Hətta, "Revolyusiya və kultura" kimi. Bu, dövrün tələbi ilə əlaqələndirilməlidir?

- Bildiyiniz kimi, jurnal yarandığı zaman “Maarif və mədəniyyət” adı il nəşr olunub. Sonra “İnqilab və mədəniyyət” və s. Bir zaman “Vətən uğrunda” kimi yayılıb. Müharibə illəri idi... Əlbəttə, zamanın möhürü olub bu adlarda. “Revolyusiya və kultura” da ruslaşdırmaq siyasətinin nəticəsi idi.

- Jurnala 93 il ərzində 19 tanınmış ziyalı rəhbərlik edib. Onların hər birinin orta baş redaktorluq dövrü təxminən 4 ilə qədər hesablanır. Sizin isə gələn il baş redaktor vəzifənizin, inşallah, 20 yaşı olacaq. Müşahidəçilər bu faktı belə qiymətləndirirlər: “İntiqam müəllim hər baxımdan yerindədir”! Şərhiniz?

- Jurnalın tarixi ilə yaxşı tanış olmusuz. Qaldı mənim baş redaktor kimi təxminən 20 il çalışmağıma, bu mənim “Azərbaycan” jurnalı ilə nə qədər doğma olduğumu göstərir. Mən burada bir naşir kimi yetişmişəm – kiçik ədəbi işçilikdən baş redaktor vəzifəsinə qədər. Müşahidəçilərin bu faktı qiymətləndirməklərinə gəlincə isə, bu onların fikridir, mən bunu şərh etmək istəməzdim.Verdikləri qiymətə görə çox sağ olsunlar.

- Müntəzəm nəşr olunan, yalnız yazılı materialları ehtiva edən “Azərbaycan”ı məhdud sayda əməkdaş hazırlayır. Ağır deyilmi?

- Əməkdaşların sayı məhdud deyil, kifayət qədərdir. Aylıq jurnalın nəşrinə yetərlidir. İntəhası, əməkdaşların faydalı iş əmsalı müxtəlifdir. Bu isə başqa söhbətdir.

-Jurnalda rəngli içliyin olmasını və ya bədii əsərlərin illüstrasiyalarla müşayiət olunmasını, şübhəsiz ki, istəməmiş deyilsiz. Bəs niyə olmur?

- Bilirsiz, ”Azərbaycan” jurnalı kimi nəşrlərin içliyinin rəngli olması bir o qədər də vacib deyil. Amma olsa, daha xoşagəlimli olar. Nəşr olunan əsərlərin qavranılmasına, sevilib – sevilməməsinə qəti dəxli yoxdur. Jurnalın üz qabığı isə, daha zəngin ola bilər – bu da çox vəsait tələb edir. Nəzərə alın ki, biz dövlət yardımı ilə çıxırıq. Necə deyərlər, bəy verən atın dişinə baxmazlar – çox sağ olsunlar.

- Baş redaktor işlədiyiniz ilk illərlə müqayisədə hazırda jurnala təqdim olunan müəllif yazılarının keyfiyyəti haqqında nə demək olar? Materialların seçimi, onlar üzərində iş necə gedir?

- Təqdim olunan əsərlərin səviyyəsi çox müxtəlifdir. Gözəl əsərlər də təqdim olunur, ortabab, hətta zəif əsərlər də. Seçim məsələsi çox əzablı bir işdir. Bədii sənətkarlıq baxımından səviyyə getdikcə artır. Nəsrdə çox sevindirici bir irəliləyiş var. Tanınmış imzalarla yanaşı, yeni imzalar da görünməyə başlayıb. Tək gənclər yox, orta nəslə mənsub olanlardan da əsər təqdim edənlər az deyil. Amma bir fakt məni çox kədərləndirir ki, pinti əlyazmalarının sayı xeyli artıb. Baxırsan, istedad var, amma tələskənlikdir nədir - bilmirəm. Bir də görürsən maraqla oxunan bir əsər o qədər pinti şəkildə təqdim olunub ki, heyrət edirsən.

- Məlum səbəblərdən mütaliəyə maraq azalıb. Sizin abunə və ya oxucu dairəniz necədir?

- Elədir, indi bədii əsər oxuyanların sayı xeyli azalıb. Bu hər yerdə belədir; başqa ölkələrdə də. Səbəbi çoxdur. Sadalasaq, izah etməyə çalışsaq, çox vaxt aparar. Bu belədir – vəssalam. Oxucu dairəmiz daralıb, bütün nəşrlərdə olduğu kimi bizdə də abunə azalıb. Amma digər nəşrlərlə müqayisədə ümumi vəziyyət pis deyil.

- Maddi təminatınız imkan versəydi, necə fərqli jurnal nəşr edərdiniz?

- Maddi təminatımız imkan versəydi, əməkdaşlarımızın maaşını artırardım ki, fərqli yox, amma daha kamil, daha səviyyəli jurnal hazırlamağı onlardan tələb etməyə üzümüz olsun.

Ətraflı cavablara görə Sizə təşəkkür edir və yeni uğurlar arzulayırıq.

 SalamNews, Ş.Nəzərli.
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə