Son xəbərlər

 


Saodat MUHAMMEDOVA

filologiya elmləri doktoru, professor, Nizami adına

Daşkənd Dövlət Pedoqoji Universiteti

ümumi dilçilik kafedrasının müdiri

 

 

 

Ta qədim zamanlardan bəri bütün ölkə və xalqlarda ədəbiyyat ədalətin, humanizmin meyarı olub. Ədəbiyyatın insanpərvərlik mahiyyəti insan və onun həyatının ən işıqlı ifadəsində öz əksini tapır... Bütün çağlarda milli azadlıq, xalqların xoşbəxtliyi, ədalət və bərabərliyə əsaslanan cəmiyyət uğrunda mübarizə ədəbiyyatın və incəsənətin diqqət mərkəzində olub. İnsanlığın yaşamında baş verən bütün dəyişikliklər bilavasitə ədəbiyyata öz təsirini göstərir, eyni zamanda ədəbiyyat da ədalət, bərabərlik, azadlıq ideyalarını əks etdirərək hərəkətverici qüvvəyə çevrilir. Buna görədir ki, ədəbiyyatı “həyatın barometri” adlandırırlar.

Müasir Azərbaycan ədəbiyyatını müşahidə edərək qardaşlarımızın həyatı, onları narahat edən məsələlər, arzuları, qayğıları, sevinci, kədəri barədə nəticə çıxarmaq olar. Müasir Azərbaycan poeziyası tematikasının rəngarəng olduğunu xüsusi qeyd etmək lazımdır. Poeziya nümunələrinin çoxunda Azərbaycan xalqının ümumi dərdi-Qarabağ mövzusuna toxunulur, təbiət gözəllikləri, yüksək insani keyfiyyətlər, Vətənə, anaya, torpağa, övlada məhəbbət tərənnüm olunur. Və əlbəttə ki, insan qəlbinin çırpıntıları, həyəcanı, özünü, mahiyyətini dərketmə cəhdləri poeziyanın əsas mövzusu olaraq qalır.

Müasir Azərbaycan poeziyası janr etibarilə də əlvandır. Burada eyni zamanda müasir motivlərə və kreativ yanaşmaya, sərt nəticəyə və araşdırmaya, klassik formaya, qəzələ, təcnisə və s. rast  gəlirik. Müasir Azərbaycan poeziyasını bağçaya bənzətsək, burada istənilən gülü görə bilərik.

2013-cü ildə Daşkənddə nəşr edilmiş “XX asr Ozarbayjon şeiriyatı antologiyası” (“XX əsr Azərbaycan poeziyası antologiyası”) sayəsində özbək oxucusu müasir Azərbaycan poeziyası ilə yaxından tanış olmaq imkanı əldə etdi. XX əsr tanınmış Azərbaycan şairlərindən Əli Nazim, Səməd Vurğun, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Musa Yaqub, Ramiz Rövşən, Zəlimxan Yaqub, Ramiz Əsgər, Elçin İsgəndərzadə, Qulu Ağsəs, Nazilə Gültac, Rəsmiyyə Sabir, Səlim Babullaoğlu və b. şeirləri özbək dilinə tərcümə də antologiyaya daxil edildi.

Bu şairlərin hər birinin poeziyası xalqın tarixinin, mədəniyyətinin və dilinin ensiklopediyasıdır.

Məqaləmizdə dörd şairin nümunəsində müasir Azərbaycan poeziyasının əsas xüsusiyyətlərini səciyyələndirməyə çalışacağıq.

Səlim Babullaoğlunun antologiyaya daxil edilmiş “Düstlarimqa” (“Dostlarıma”), “Otamqa” (“Atama”) və “Bazi kürinişlər” (“Bəzi görüntülər”) şeirləri (tərcümə Usman Kuçkarındır) xarakterik olduğu qədər də fərqlidir.

“Dostlarıma” şeiri psixologizmi–insan qəlbinin incə təhlililə fərqlənir. Gündəlik həyatdan usanmış insanın ruhu hopmuşdur bu poetik parçaya. On-on beş il həyata başqa gözlərlə baxan insan indi həyatı başqa cür dərk edir, indi onun üçün həyatın başqa anlamı var. O, həyatın xırda şeylərdən ibarət olduğunu və bütün ömrü bu xırda qayğılara qapılaraq keçirməyin doğru olmadığını dərk edir. Özünü də, dostlarını da dünyaya hamının baxdığı kimi deyil, başqa cür, daha yüksəkdən baxmağa səsləyir.

 

Bir az uzaqlarda axtarın məni,

Bir az söhbət edək bu yerdən uzaq.

Bir az xəyallarda axtarın məni,

Qaçaq bu çirkabdan, qaçaq, qurtulaq.

 

Şair günəşin doğuşunu özünün həyat təcrübəsilə müqasiyə edir: əvvəllər hər şey yaxşıydı, işıqlıydı, lakin illər ötdükcə həyatın qara rənglərini də gördü və indi o, yenidən əvvələ, yalanın, məkrin, şərin olmadığı yerə dönmək istəyir. Xəyalları aydın sabahlara, başlanğıca, yaşamın başladığı yerə, əlvan boyalı dünyaya can atır:

 

Aydın sabahlarda axtarın məni,

Orda günəş başqa, gülüş başqadır.

Tanrı günahları bağışlayan yer,

Xəyalım o yerdə dolaşmaqdadır.

 

Şeirdə şairin özüylə daxili mübarizəsi də ifadəsini tapır. Həyatın bütün keşməkeşləri insanın psixikasında əks olunur, çünki ziddiyyətlər insanın qəlbində kök salır. Yenilik həvəsi, özündən narazılıq, özünü aşmaq cəhdi aşağıdakı misralarda aydın hiss olunur:

 

Ömür vəfa qılsa, yazacam,  bilin,

Bu günün, sabahın nəğməsini mən,

Məni öz içimdə axtarın bir az,

Bir gün öz içimdə azacam, bilin.

 

Sonrakı misralarda da şairin üsyankar ruhu bərqərardır, bu ruh rahatlıq tapmır, bu ruhu sönük misralarda axtarmaq mənasızdır, o daim Kərəm kimi yanır - mübarizə, dünyanı kökündən dəyişmək eşqilə yanır. Bu ruhun məskəni təlatümlü fikirlər, niyyətlərdir. Şairin düşüncələri bu misralarda çox maraqlı ifadə olunub: bəlkə də, bir gün o ağıllanacaq, lakin onda da hissləri ağlından üstün olacaq. Maraqlı təzaddır–ağlı ona hər kəs kimi olmağı diktə edir, lakin ruhu hamının tabe olduğu qanunlara tabe olmaqdan imtina edir. Bununla belə, məsələ sona qədər açıq qalır. Bu şeirdə Səlim Babullaoğlunun individualizmi parlaq ifadəsini tapır:

 

Sönük sətirlərdən sormayın məni,

Amandır Kərəmtək alovlanaram.

Dəli fikirlərdə axtarın məni,

Yəqin, bir gün gələr ağıllanaram...

 

“Atama” şeirində də şairin obrazı aydın görünür. O qeyd edir ki, əgər 1000 şeir yazsa belə, bu şeirlərdə onun özünü axtarmaq lazımdır. Misralardan özünü atası qarşısında günahkar sayan oğulun hiss-həyəcanı sızmaqdadır və bu müstəvidən nəsillərin daimi mübarizəsi, ata-oğul münasibəti, köhnəliklə yenilik, təmkinlə “fırtına” və s. arasındakı təzadın səbəbləri araşdırılır. Ata təmkinli, oğul cəlddir. Ata həyatın bütün xırdalıqlarının fövqündədir, oğul isə mərkəzində. Atasının ondan narazı olması oğulu məyus etsə də, o, atasının qanunları ilə yaşamaq istəmir:

 

Sən məndən bir az yaraşıqlı,

mən səndən bir az əsəbi.

Sən həssas, mən bir az əhlikef,

bir az bədxərc, özündənrazı...

Bir az da bəxtsiz –çünki sən məndən narazı...

 

Başı gündəlik qayğılara qarışan, zamanla ayaqlaşan şair atası ilə müqayisədə daha çox itirib. Baxmayaraq ki, atası çox şey qazanıb, lakin itirəcəyi az şey var, oğul isə zəmanədən geri qalmamaq, həyatını təmin etmək təlaşındaykən özünü itirir... və bu ən qorxulusudur. Lakin oğul atasının ad-sanını, ən başlıcası isə kitablarını–onun qiyməti ölçüyə gəlməz mənəvi sərvətini və irsini qoruyub saxlaya bilib. Şair onun çox yaxşı ata olduğunu deyir və onun qarşısında özünü günahkar sayır, çünki özünü yaxşı övlad hesab etmir. Lakin şeir həyat fəlsəfəsinin ifadəsilə bitir: həyatın harmoniyası əbədidir: mən yaxşı oğul olmasam da, sən yaxşı atasan və sən yaxşı baba olacaqsan, baba kimi mən də yaxşı olacağam.

 

Sən çox yaxşı atasan,

mənsə pis oğul –amma, vallah, elə belə də olur...

Bir də daha keçib, deyəcəm:

sən çox yaxşı baba olacaqsan, elə mən də...

 

Bu şeirdə şairin həyat kredosu özünün parlaq ifadəsini tapır - hisslər onu idarə edən güvəncdir, şair həyata və varolmanın əbədi problemlərinə hisslərin prizmasından baxır. Şeirin orijinal qafiyəsini də xüsusi qeyd etmək lazımdır-belə qafiyəylə yalnız Səlim Babullaoğlunun poeziyasında rastlaşmaq olar.

 “Bəzi görüntülər” şeiri həyatın bütün palitra və rənglərinin əksidir, təzahürüdür. Fəlsəfi və rəmzi şeirdir. Şeirdə əl obrazı bir insanın həyat tarixçəsini, taleyini ifadə edir. Hər bir əlin öz salnaməsi, öz taleyi, qədəri vardır.

Əllər var ki, darda olan dostunun dadına çatır, biləklərindəki qandalları qırır, əllər  var ki, xiromantiyanı bilmədən də cizgilərinə baxıb dostuna faydalı olacağı anlaşılır:

 

Əlləri görürəm, əlləri-

dost əlini havada qoymayacaq,

hönkürən üzləri bağlayacaq.

 

Əlləri görürəm, biləkləri,

Biləklərdəki qandallar sökülüb atılacaq.

 

Aşağıdakı uğurlu müqayisə şairin poetik tapıntısıdır:

 

Əlləri görürəm, yumruqları -

könül sındıran qafalara çırpılacaq.

 

Əlləri qadınlarının yalnız cismlərini deyil, qəlblərini kötəkləyən ərlər də var və əllər də var ki, belə əllərin sahiblərini cəzalandırır.

Sonrakı misralarda əbədi təzad - yaxşı və pis özünün orijinal, özünəməxsus poetik ifadəsini tapır: zahirən sən çox gözəl ola bilərsən, batinin kirlidirsə, daxilində məkr, bədxahlıq məskən salıbsa, eybəcər və iyrəncsən:

 

Əlləri görürəm, barmaqları-

ustad pianoçunun olduğu zənn edilsə də,

həyasızcasına kiminsə cibinə girəcək.

 

Şeirdə əl obrazı dünyanın bütün mənzərəsini təsvir edir. Hər bir əl insanın cəmiyyətdəki yerinin əksidir, əlin hər bir hərəkəti bir insanın həyat salnaməsidir, əlin hərəkəti insanın taleyidir.

Mərhəmət və şəfqət qeyri-adi bənzətmələrlə ifadə olunur. Köməyə ehtiyacı olmayan birinin başqalarına yardım etmək istəyi əllər vasitəsilə verilir. Burada şairin tapıntısını qeyd etmək lazımdır – o, duyğuları dəqiq və özünəməxsus tərzdə ifadə edən   sözlər işlədir:

 

Əlləri görürəm, qırışları -

Qocalar evinə aparan unudulmuş, tozlu yolları xatırladacaq.

 

Məhəbbət naminə xariqələr yaradan gözəl əllər də var, bu əllər sevgi məktubları yazır, insanlara ümid bəxş edir:

 

Əlləri görürəm, incə bellərə sarılmış-

sevgi haqqında ən şirin sözlərin

həqiqi mənasını anladacaq.

 

Əlləri görürəm, əməlləri

tətiyə uzanacaq,

sevgi məktubları yazacaq.

 

Doğmalarından, övladlarından uzaq düşmüş, sevincdən məhrum narahat əllər də var... Yuxularına xəyalları girir –bəzisi yuxuda sağlam barmaqlarını, bəzisi ailəsini, digəri kədər dolu neçə-neçə taleləri və çin olmayan arzuları görür:

 

Əlləri görürəm, ayaqlar altından itələnmiş

kətilin üstündən sallanan...

...Həmin gün övladından uzaqda

bir ana yuxularını qarışdıracaq.

 

Əlləri görürəm, əlləri,

kəsilmiş barmaqlar yuxularında sahibinə doğru qaçacaq.

 

Yalanla, saxtakarlıqla, xəyanətlə, cinayətlə hakimiyyətə gəlmiş, sərvət toplamış çox insan var dünyada, lakin onların əlləri daim əsir. Şair belələrinin taleyini poetik dillə təsvir edir, sonlarının necə olacağını bilir, çünki ilahi ədalət gec-tez hökmünü verir:

 

Əlləri görürəm, əlləri,

bahalı kresloların məxmər üzlüyündə

xumarlanıb rahat həyat görünüşü yaradırkən

böyük pullardan -

deməli, cinayətlərdən

səksəkə və qorxulardan danışacaq.

 

Dünya təzadlardan ibarətdir - yalan, məkr, xəyanət, riyakarlıqla dolu dünyada şəfqət, gözəllik, sevgi, etibar da var. Həyatın palitrasında gözəlliyə də yer var - əllər ən ucuz fotoaparatın düyməsini basdıqda həyatın ən gözəl anlarını əbədiləşdirə bilər:

 

ən ucuz fotoaparatın düyməsinə basılarkən

ən qiymətli anların - əbədiyyət çaparlarının şəklini çəkəcək.

 

Ən gözəl əllər valideynlərimizin bizim üçün - övladları və nəvələri üçün dua etməyə qalxan əlləridir. Bu dualardan yaranan uşaq əlləri mələklər kimi səmadan, günəşdən yapışır.

 

Əlləri görürəm, göylərə uzalı, apaçıq -

dua edəcək

əlləri görürəm, bu duadan doğacaq tomtotuq əlləri,

         bir korun havadan tutmasına bənzər oxşarlıqla

         mələklərin ətəyindən yapışacaq.

 

Sonda yenə dünyanın bütün mənzərələri - insan taleləri, hadisələr, həyat səhnələri şairdə cəm olub bitir. Yenə şeirlərində onun özünü tapırıq. Şair yuxunu qovmaq üçün saçlarını darayan əllərilə möhkəmcə başını tutur, bu başda nə qədər fikir, hiss-həyəcan var... Sonuncu siqaretə son qullab vurub səhərəyaxın sakitləşir. Hər halda nöqtə qoymur... və bu, hər gün, hər gecə təkrarlanır:

 

Əlləri görürəm, şabalıdı saçları qarışdıracaq,

qonur gözlərdən yuxunu qovacaq,

gicgahları sıxıb ovuşduran görürəm əlləri –

-         son siqaret qalmış qutunun üstündə,

dincəlir sübh mehində-

nöqtə qoymaqdan vaz keçəcək...

 

Üç şeirini təhlil edərək Səlim Babullaoğlunun yaradıcılığı barədə nəticə çıxarmaq, əlbəttə ki, çətindir. Lakin bu üç şeir şairin dünyagörüşü və ruhu barədə aydın təsəvvür yaradır. Səlim Babullaoğlu əsl şair kimi anlayır, dərk edir ki, dünyamız mücərrəddir, lakin insan bu dünyada ümid və inamla yaşamalıdır. Onu bütün dünyaya qeyri-adi prizmadan - öz prizmasından baxan şair kimi xarakterizə etmək olar. Həyatın girdabında dolaşan şair bizim görmədiyimiz şeyləri görür - o, həyatın bütün çalarlarını görür və təsvir edir, özünü bütün bunlardan uzaqlaşdırmır, amma hər halda bunlardan yüksəkdə tuta bilir.

Müasir Azərbaycan poeziyasında Qulu Ağsəs yaradıcılığının xüsusi yeri var. Onun da yaradıcılığı özbək oxucusuna “XX asr Ozarbayjon şeiriyati antologiyası”dan yaxşı tanışdır. Həmçinin internet toplularında Qulu Ağsəsin şeirləri yetərincə auditoriya toplayır.

Onun “Nuktalar” (“Nöqtələr”) şeiri fəlsəfi mahiyyəti və psixologizmilə fərqlənir. Çoxları düşünür ki, həyatımızda hər şeyi nöqtələr həll edir. Onlar bilmirlər ki, Allahdan başqa heç bir şey nöqtələrdən yuxarıda deyil, həyatımızda baş verən hər şey Allahın qismətidir. Hər şey - həyatımızdakı hər şey sadəcə nöqtədir. Bəzən insanlar düşünürlər ki, nöqtə vasitəsilə (nöqtə qoymaqla) kiminsə taleyini həll edə, ziyan vura, kimisə razı sala bilərlər. Onlar unudurlar ki, göy var, Allah var, ali hakim var və yalnız o, hamıya, hər şeyə nöqtə qoya bilər.

Şeirdə fərqli anaforadan - nöqtələrdən istifadə olunur. Nöqtələrdə həyatın bütün anlamı cəm olub: başlanğıc və son, insan qüdrəti və gücsüzlük, yoxsulluq və sərvət, burada hər şey var... İnsanlar bu qədər xudpəsənd olmasınlar, nöqtələri onlar deyil, O qoyur! “nöqtələr” yalnız şeir deyil, şeir - hökmdür, şeir - nəticədir, şeir - vəhdətdir.

 

Dilimdən düşmür bir ad-

nöqtələr

Tanrıdan gözəl cəllad

nöqtələr

Dərdidi dərmanının

nöqtələr

Arasında qanımın

nöqtələr

Yel vurduqca tökülür

nöqtələr

“Göy” suala bükülü

nöqtələr

Qələm-varaqdı, bir də

nöqtələr

Göydə Allahdı, yerdə

nöqtələr

 

Qulu Ağsəsin “Mən və O” şeiri lirizmi, kəskin psixologizmi, orijinal məcaz və təzadlarıyla diqqəti cəlb edir:

 

 

Mən

Onun qucağını sevindirə bilmədim,

O,

Məni ata eləmədi.

Tanrı gördü

Dinc bəndələrik,

bizə “başağrısı” əta eləmədi.

Mən

Onu itiyim kimi sevdim,

O,

Məni tapdığı qədər.

 

Anlaşılır ki, bu, uzun illər birgə yaşamış, lakin uşaq sahibi ola bilməmiş cütlüyün kədərli tarixçəsidir. Ayrılıq dəmi gəlib, aralarında sərhəd var artıq, “hər şeyi amansızcasına darmadağın etməyə qərarlıdırlar”, kişi arxaya baxmadan getmək istəyir, qadın ona bələddir, bilir ki, getsə, qayıtmayacaq, qadın isə...göz yaşları ilə onun yanaqlarını oxşayır...

Həyatımızın bütün gözəlliyi, faciəsi, ümidi burada əksini tapır. Şeirin razvyazkası çox orijinaldır, təkrarsızdır, Qulu Ağsəs yaradıcılığına xas hiss-həyəcan və təzadlarla yüklüdür. Və gözlənilməz nəticə! Onlar ayrılmaq istəyirlər, lakin bir yerdə qalırlar... Hadisənin belə orijinal həlli hamını və hər kəsi düşünməyə vadar edir. Etiraf etmək lazımdır ki, belə şeirlər - məsələlərin paradoksal həlli poeziyanı, bəlkə də, elə həyatımızı bəzəyir: heç bir şey insan qalmağımızı əngəlləməməlidir, insanları birləşdirən sevgi gözəldir və hər şeydən önəmlidir:

 

Arabir fişəng atırıq

Aramızdakı sərhədə.

Mən

Onu atıb gedərəm,

Zatım qırıqdı, bilir.

Başını qaldırıb soruşuram:

-sən necə?

Gözünün yaşıyla

Eynəyimi silir...

 

“Sənsən hər yer” şeirindən xüsusi söz açmaq lazımdır. Bu şeir - şeirlərin zirvəsidir, bu şeir Allaha xitabdır. Özbək ədəbiyyatında bu janr “munojot” adlanır. Əlişir Nəvai və özbək ədəbiyyatının bir çox böyük nümayəndələri bu janrda yazmışlar. Qulu Ağsəs Allaha üz tutan, beləliklə, saflaşan, güclənən, özünə güvənən insanın qüdsal hisslərini təbii boyalarla ifadə edir. Allaha səcdə edən qəhrəman bilir ki, gec-tez Allahın dərgahında cavab verməli olacaq:

 

Sənsən hər yer...

Ömrümdən neçə gün qalıb,

neçə saat, İlahi?

Çoxdan səndən nə zəng gəlir,

nə amanat, İlahi!

Kim kəsib sən olan yerdə,

söylə, yolu-yolağı?

Gedim hansı cəhənnəmə,

hardan gəlir sorağın?...

Nə vaxt çaparam dördnala

mən də əcəl atında?

At altımdan uçub gedə,

mən də sənin altından.

Ha uçsam da, öz üstümə

uçar öz günahım da,

Səhvlərimi deyim, bəlkə,

çıxım söz günahımdan? –

 

O, günahlarını etiraf edir. Allahın cəzasından hamı qorxur və ondan qaçır, şeirin qəhrəmanı isə qaçmır, cəzaya layiq olduğunu bilir:

 

...Doğmaca bacın qızına

Mehr saldım - yadında?

Nə özgəyə verdim, nə də

özüm aldım –yadında?

Yolda qoydum gözlərini,

gözümü dağlayarsan,

Əllərinə qurban olum,

üstündə saxlayarsan.

 

Bir qızı aldatması bir yana, Allahın qiyməti ölçüyəgəlməz nemətindən -sözdən yararlanıb, İlahinin bəxş etdiyi istedaddan da həmişə istifadə etməyib. Ən böyük günahı isə bəzən naşükürlük etməsi, Allahın yaratdığı dünyadan şikayətlənməsi, onun qiymətli nemətlərini bəyənməməsidir. Həyatdan, Allahın nemətlərindən şikayətçi olmaq böyük günahdır. Lakin mərhəmətli Allah bir vaxtlar da onun günahlarına göz yumub, onu bağışlayıb.

 

Ruhumu da tərpətmədi

min cür nazü-nemətin,

Yamanladım taleyimi –

haqdan gələn qisməti...

...Mərhəmətin,  neyləsəm də,

günahımı aşmada

Çoxdandır ki, içimdə bir

yalvarış dolaşmada...

 

Minacat gözəl və nəsihətimiz sonluqla bitir. Qəhrəman günahları üçün əfv diləməyə ona imkan verməsini xahiş edir. Bu, yaxşı, ədəbli insanın minacatıdır, çünki o, Allahdan ölüm və ya başqa bir şey istəmir, o, hər yerdə və hər şeydə Allahın zərrələri olan yerlərə getmək istəyir ki, bəlkə Rəbbindən doya bildi:

 

Gedib tövbə eləməyə

mənə yer ver, İlahi,

Elə yer ki baxıb görüm

sənsən hər yer, İlahi!..

Günahımı nəylə desən,

razıyam yuyum orda,

Əgər gücün çatsa, məni

özümdən doyur orda...

 

Qulu Ağsəsin münacatı müasir psixoloqların “insan zaman-zaman hərəkətlərini nəzərdən keçirməli və nəticə çıxarmalıdır” fikrilə səsləşir. Yalnız imanlı və vicdanlı insan Allahdan günahlarının bağışlanmasını bu cür diləyər, çünki hər insan günahlarını etiraf etməz... Və hər şair minacat yazmaz. Qulu Ağsəsin bu şeiri bizə özbək şairi Uluqbəy Həmdəmin “Xudoyimni Soğimdim” şeirini xatırlatdı, şeirin hərfi  tərcüməsi belədir: “Allahım üçün darıxdım”. Uluqbəyin də şeirində suisidə çağırış və ya buna bənzər bir şey yoxdur, əksinə vicdanlı yaşamaq istəyi var ki, vaxtı gələndə Allahın hüzuruna alnıaçıq getmək mümkün olsun. Hər iki şeirdə “fikrin cövhəri” bir məcrada qovuşur: minacatın” əsas ideyası insanın saflaşmaq istəyidir.

Elçin Mirzəbəylinin də yaradıcılığı diqqətəlayiqdir. Onun şeirləri forması, dərin məzmunu, aşkarlığı və eyni zamanda incə, qeyri-adi gizliliyilə heyrətamizdir.

Allah sevgisindən çıxış edərək, dünyaya fəlsəfi baxış Elçin Mirzəbəylinin yaradıcılığında əsas cəhətdir. Bir şair kimi Elçin Mirzəbəyli üçün dünyanın bədii-fəlsəfi anlamı çox vacibdir. O çox yaxşı bilir ki, dünyada iki gerçək var - həyat və ölüm. Tək bir həqiqət var –Allaha sevgi. O məhz bu sevgini tərənnüm edir. Onun şeirləri Allaha duadır, Allahla dialoqdur. Yalnız Allah sevgisi insanı ucalda bilər. Yalnız Allahdan əfv diləmək lazımdır, qisası yalnız Allah ala bilər. Bu əbədi aksioma Elçin Mirzəbəylinin şeirlərində başqa - poetik məna və forma alır. Onun yaradıcılığının məhz bu cəhəti oxucuya dərin təsir edir. Aşağıdakı şeir fikrimizi təsdiqləyir:

 

Bir bilsən nə qədər yorğunam, Allah,

Alan yox bu yükü çiynimdən mənim...

Ruhum əzab çəkir bu dar bədəndə,

Soyundur bu ömrü əynimdən mənim...

 

***

 

Bu şəhəri kim doğdu, kim böyütdü, görəsən,

Nədir bu qədər qəzəb, bu qədər kin, İlahi?!

Sevgimizi kim uddu, kim üyütdü, görəsən?

Nə vaxt sonu gələcək bu nifrətin, İlahi?!

 

Şairin yaşamın problemlərinə həsr olunmuş şeirləri də özünəməxsus və bənzərsizdir. “Sən haradan bilirsən tənhalıq nədir?” şeirində gənc qızın dünyagörüşünə müəllifin incə münasibəti hiss olunur, şair onu əzizləmə anlamında “qızcığaz” adlandırır. O haradan bilsin ki, təklik nədir, axı o hələ əzabın, peşmanlığın bir damlasını da dadmayıb, zəfərin şirinliyini, məğlubiyyətin acısını dilinə vurmayıb. O hələ çox gənc və təcrübəsizdir, tənhalıqdan yazmağa və danışmağa cəsarət etməz. Şair haradasa onu ittiham edir, eyni zamanda da onunla mehribancasına davranır, ona ürəyi yanır, irəlidə onu gözləyən əsl əzablardan xəbərdar edir. Filosof-şair kimi müəllif düşüncələrini gözəl və poetik ifadə edir, oxucularını fikirləşməyə vadar edir:

 

Sən...

Heç

Sevgiylə qətl edildinmi?

Ruhunu asdılarmı

Özgə istəklərinin

dar ağacından...

Gözlərini açdınmı

Alnından süzülən

Soyuq tər damlalarının

Titrəyişinə?

 

 “Gəl sükutda susaq” şeiri daha poetik və fərqlidir. Bu şeiri oxuyarkən Diana Qurskayanın “Ana, mən sükutla doyunca danışmışam” mahnısı yada düşür. Şeirdə zərif, saf hisslər tərənnüm olunur. Şeirin qəhrəmanı o qədər yalqızdır ki, hətta doğmalarının arasında da darıxır, onu anlayan bir nəfər belə yoxdur. Sevgilisi o qədər uzaqdır ki, dünya gözlərində qaralıb. Lakin qəhrəman alicənabdır. əsilzadədir, hər şeyi ürəyində çəkir, heç bir qüvvə onu dillənməyə, şikayətlənməyə, tənhalığını üzə vurmağa məcbur edə bilməz. O, sükutla söhbət etməyə üstünlük verir: “Gəl sükutu dinləyək, bu, səni anlamayan və anlamaq istəməyən insanların söhbətindən yüz dəfə yaxşıdır”:

 

...Bir ömür kimsəsiz,

Doğmalar içində...

Doğmalar sevgini yağmalar içindən...

Bu sayaq sıxmalar, boğmalar içində

Bütün qəlblər məhbəs,

bütün eşqlər yasaq...

 

 “Bircə kəlmə payız” şeiri işıq və qaranlığın, ümid və peşmanlığın, sevinc və kədərin əbədi mübarizəsindən bəhs edir. Baxmayaraq ki, son məhəbbəti insan hisslərin xəzanı sayırlar, bu şeirdə təzadlı hisslərin parlaq nümunəsini görürük, qəhrəman üçün payız, həm də bahardır. Qəhrəman xahiş edir ki, qız onun adını unutsun, həm də tərəddüd edir, qızın onun qəlbində bir ümid işığı yandırmasını istəyir. Hisslərin belə mükəmməl ifadəsinə nadir hallarda rast gəlirik.

 

Sil mənim adımı,

Sil...

Yenidən sil...

Sevgi qatarının son biletindən.

Qəlbimdə ilməsiz bircə yer qalıb,

Dur as gözümdəki portretindən...

 

 “Qış nağılı” şeiri də orijinaldır. Burada yalnız Elçin Mirzəbəyli yaradıcılığına xas, indiyədək rast gəlmədiyimiz metaforalar işlənmişdir:

 

Getdin,

Ümidlərin yol ayrıcında

Nə qərib göründü bu şəhər sənsiz...

Üşüdü gecənin tənhalığında...

Qışa təslim oldu bu şəhər sənsiz...

 

Qəhrəmana elə gəlir ki, sevgilisi gedincə şəhər asanlıqla qışa təslim oldu, o, yanında olsaydı qışda belə qəlbində çiçəklər açardı. Allah ürəklərə qüvvət versin və heç kimin qəlbinə qış gəlməsin. Bu şeirdə yalqızlığın ruhu və obrazı dərin kədər hissi doğurur. Lakin yalqızlığı bu qədər gözəl təsvir etmək də məharət istəyir.

“Sənsizlik” şeiri Elçin Mirzəbəylinin şeirləri içərisində inci, almaz kimi bərq vurur. Bir qəlbin şeiriyyətini bütün gözəlliyilə hiss edirik. Sevgilisi onu bir anlıq tərk edib, lakin qəhrəman üçün bu bir an bir əbədiyyətdir. Ona elə gəlir ki, sevgilisi onu həmişəlik tərk edib, ayrılığın əvvəli bir, sonu birdir. O kədərlidir, qəmgindir. Lakin bu qəm-kədərdə sonsuz sevgi, zəriflik, inam, ümid, nikbinlik gizlənir. Bu şeirdə hər kəs öz sevgi tarixçəsini görə, özünü tapa bilər. Belə şeirlər insanın ümumiləşdirilmiş xarakterini daşıyır, buna görə də dünyanın bütün xalqlarına məhrəm gələ bilər. Azərbaycanda hansı şeirin sevgi serenadası olduğunu bilmirəm, amma “Sənsizlik” şeiri bu rola iddiaçı ola bilər:

 

         Gəl, gülüm...

Yetimdi bu qapı sənsiz...

Ayaq səslərinə təşnə dəhlizim.

Bəlkə, bir an öncə getmisən, amma

Mən yenə sənsizəm...

Yenə sənsizəm.

 

 “Kədərimi öp bir az...” da sevgi şeiridir. Gözlənilməz metafora və bənzətmələr şeirə yüksək poetiklik bəxş edir - küləyi qucaqla, külək qəlbimi açacaq və orada da kədərimi, qəmimi, ümid və əzablarımı görəcəksən... Qeyd etmək lazımdır ki, ustalıqla işlənmiş metafora obrazı bəzəyir –“gecəni al ağuşuna, səhərimi öp, kədərdən başqa şeyim yoxdur, kədərimi öp.” Bu gözəl şeirə heç kim biganə qalmaz.

 

Gecəmi al ağuşuna,

Səhərimi öp bir az.

Nisgilimlə qolboyun ol,

Kədərimi öp bir az...

 

Elçin Mirzəbəylinin “Kimsə bilməyə” şeiri qəlbin daha bir həzin, bənzərsiz harayıdır. Şeir həyatı boyu sevgisini gizləyən bir qəlbin ağrı-acısı və göz yaşlarıyla doludur. Bu sayaq qəhrəmanlarla yalnız şərq ədəbiyyatında rastlaşmaq mümkündür. Yalnız şərq şeirində gizli sevgisini ehtiyatla qoruyub saxlayan incəqəlbli aşiqə rast gəlirik. Aşiq öz taleyinə gülür, sevgilisinin ölümündən sonra da, onun məzarının başında da sevgisindən söz açmır, məzarın üstünə tökülən göz yaşlarını səssizcə silir. Hər gün sevgidən yavaş-yavaş ölsə də, qəlbinin sirrini açmır. “Kimsə bilməyə” şeirində sırf şərq fəlsəfəsi bərqərardır:

 

Varıb eşqin hücrəsinə

Əzabından çatlasın sinən...

Bir sevdadan dönə-dönə

Öləsən, kimsə bilməyə...

 

Bu şeirlər oxucuya yeni hisslər aşılayır, düşüncələrini təzələyir, bütün gözəllikləri və ucalıqları anladır. Elçin Mirzəbəylinin şeirləri inamı, Allaha sevgini və ümumiyyətlə, sevgini yüksəklərə qaldırır. Allah bütün yaratdıqlarından yalnız insana dil verib, dil vasitəsilə biz hisslərimizi, düşüncələrimizi ifadə edirik. Şairlərin üzərinə möhtəşəm vəzifə düşür –dünyamızı sözlə bəzəmək, hisslərimizi, arzularımızı gözəl və orijinal dillə ifadə etmək.

Müasir Azərbaycan poeziyasında bütün fəaliyyətini şeirə yönəldən şairlərdən başqa əsas peşəsindən əlavə söz sənətinə - ədəbiyyata xidmət edən şairlər də var. Azərbaycanın müasir qəzəlxanlarının tanınmış nümayəndələrindən biri də Yasin Xəlildir. Onun “Şehin nağılı” kitabına müxtəlif illərdə yazılmış 400-dən artıq qəzəli toplanıb (Yasin Xəlilin qəzəllərinin təhlili Əlişir Nəvainin və Baburun bəzi qəzəllərilə müqasiyə də aparılacaq, hər iki klassik qəzəlin ən parlaq ustadlarıdır).

Kitabdakı ən uğurlu qəzəllərdən biri “Şeirim də” rədifli qəzəldir. Burada şairin özünü, arzu-istəklərini görürük, hər şey göz qabağındadır, Nəvaidə, Baburda gördüyümüz örtülü mətləblər, gizlilik burada yoxdur. Klassik özbək ədəbiyyatında qəzəlin bu növü “Şarhi-hol” (“şərhi-hal”) adlanır. Şair bütün düşüncələrini, cəhdlərini, məqsədini, sevincini, kədərini oxucusu ilə bölüşür. Səmimiyyət, dürüstlük, şəffaflıq qəzəlin ruhundadır:

 

Dadlı, duzlu, lətifdi şeirim də,

Incə, kövrək, xəfifdi şeirim də.

 

Şeirlər onun qəlbinin aynasıdır, şairin düşüncələri şeirlərinin əbədi məhbusudur:

 

Fikrimi gözlərində həbs etdi,

Tora düşmüş hərifdi şeirim də.

 

Şair onu tanımaq istəyənlərdən şeirlərini oxumasını xahiş edir:, qəlbinin harayı, fikri-zikri, arzuları, varlığının mahiyyəti şeirlərindədir. Onu zəif sananlar şeirlərini oxumayanlardır:

 

Düzdü, mən dərdi-yardən zəifəm,

Kim deyir ki, zəifdi şeirim də.

 

Lakin bəzən dərdini, kədərini, ağrı-acılarını gizlədir, axı o şairdir, hərdən özünü tox tutmalıdır, qəlbi ağrısa da, gülümsəməlidir, halbuki hansı dərddən desən, varıdı:

 

Dərdlərim var çeşid-çeşid, Yasin,

Odur ki, müxtəlifdi şeirim də.

 

Bu səpkili qəzələ Baburun yaradıcılığında da rast gəlirik:

 

Кüнглим гулнинг ğунчасибек мах-баmаh коnбур

Агар юз минг баhор ümsа очилmоги не иmkndур.

 

Bu misralarda da Babur dərdlərindən söz açır, dərdləri üst-üstə yığılıb, lakin aşkar etməsi imkansızdır.

Əlişir Nəvai eşqi üç növə ayırır: birinci - xos işki (qadına olan eşq), ikincisi - siddik  işki (Allaha olan eşq), üçüncüsu - avom işki (bütün canlılara olan eşq). Şair özünün “Favoyid ye-kibar” (“Qocalığın faydalı məsləhətləri”) divanına bu üç eşqi tərənnüm edən çoxlu sayda qəzəl daxil edib. Ahıl yaşın sevgisindən bəhs edən qəzəlləri də burada yer alıb.

 

Ваhки, булдум ишg аро бир бевафога мубмало,

Булмасун ахли вафо мунбок  балога мубмало.

 

Подшо бирла гадо холига кулса не ажаб,

Булса мен янглиг гадое подшога мубтало.

 

Кир харобат ичра бüл риндлар вобастаси,

Хонаgаhда булгунча ахли риyoга mубтало.

 

Eй, Навоий, yenа ул кексаликда bülsa халос

Аhд qилдикиmy ена булмаy енага mубтало.

 

 

Bu qəzəldə Nəvai qoca vaxtı eşqə düşmüş, özünün dediyi kimi, “eşqə mübtəla” olmuş aşiqin qəlbindən xəbər verir. Yasin Xəlilin qəzəllərində də Nəvainin bəhs etdiyi hər üç eşqin tərənnümünə rast gəlirik. “Satdın məni, ey gül, dəli sevdayə bu yaşda” qəzəli diqqəti cəlb edir. Qəhrəman özünə məəttəl qalıb, başına gələnləri anlaya bilmir. Yəni qoca yaşda sevmək olar? Dərdə düşüb, ruhu canını tərk edib, fikri-zikri sevgilisinin yanındadı, cismi qalıb, quru can ilə yaşamağa məcburdur. Allaha da sevgisi sonsuzdur, ona şükür edir, Allahın izni olmadan heç nə mümkün deyil, aşiq bu yaşda düşdüyü eşqi Allahın lütfü sanır:

 

Saldın məni, ey gül, dəli sevdayə bu yaşda,

Tən eyləyir aləm məni-rüsvayə bu yaşda.

Eşqin, inan Allha ki, ey qönçədəhanım,

Döndərdi məni bülbüli-şeydayə bu yaşda.

 

Şair qəhrəmanının halını sadə, anlaşıqlı sözlərlə ifadə edir, şeirin dilinin aydınlığı, rəvanlığı oxucunu razı salır. Yasin Xəlilin şeirlərinin oxunaqlılığı dilinin sadəliyinə çox bağlıdır. Aşiq kədərini şərabla unutmağa çalışsa da, faydası yoxdur, sevgilisini unutmaq istəsə də, mümkün deyil, əksinə getdikcə ona daha çox bağlanır:

 

Yüz dəfə alıb gündə qədəh saqi əlindən,

Qurşandı könül badeyi-səhbayə bu yaşda.

Ar eylədi o heç nə yaxından, nə də yaddan,

Bağlandı könül zülfi-çəlipayə bu yaşda.

 

Sonrakı misralarda daha çox nəsihətamiz, fəlsəfi fikirlər səslənir, aşiq bu yaşda sevgiyə mübtəla olduğu üçün onu qınayanlara, ona gülənlərə sakitcə etiraz edir, deyir ki, Allahın işidir, hər kəsin başına gələ bilər, ona gülən adam bir gün onun vəziyyətinə düşə bilər. Bu qəzəldə də Allah eşqi bütün sevgilərin fövqündədir:

 

Əhvalımı kim gördü təəccüblə soruşdu:

Heç eşq-məhəbbətmi olar, ayə, bu yaşda?

Kamilləşər insan, bu məsəldir, qocalanda,

Düşdüm görəsən, bəs niyə xülyayə bu yaşda?

 

Aşiq - şair əziyyət çəksə də, bu sevgi ilə fəxr edir, Allaha şükür edir ki, ona bu yaşda belə saf məhəbbət bəxş edib, bu yaşda sevmək və şeir yazmaq nə qədər gözəldir, ona çoxları, hətta gənclər də həsəd apara bilərlər. Bu qəzəldə bir-birindən gözəl hər üç eşqin tərənnümü var:

 

Şair, elə yaz şeirini heç kim deməsin, bax

Sən bir buna, bir yazdığı misraya bu yaşda.

 

Yasin Xəlilin “Göz yaşım axır sel kimi, dəryayə sığışmaz” qəzəli də xarakterikdir. Qəzəlin başlıca ideyası sevgilinin vəsfi və aşiqin əzablarının hüdudsuzluğudur. Dərdsiz-qəmsiz eşq olmaz. Aşiqin nəsibi dərd-ələmdir. Bu qəzəlin qəhrəmanının dərdi isə dünyaya sığmaz:

 

Göz yaşım axır sel kimi, dəryayə sığışmaz,

Dərdim o qədər çoxdu ki, röyayə sığışmaz.

 

Nolaydı, dedim, yarımı röyada görəydim,

Arzum, diləyim, amma ki, röyayə sığışmaz.

 

Aşiqin sevgilisi çox gözəldir, onun gözəlliyini vəsf etməyə sözlər yetmir, əfsanələr azlıq edir:

 

Söz yox o gözəllər gözəli yarıma layiq,

Gül surətinin tərifi mənayə sığışmaz.

Vəsf eyləməyə hüsnünü əfsanələr azdır,

Könlümdəkilər bir neçə misrayə sığışmaz.

 

Burada Şekspirin məşhur ifadəsi yada düşür, sevgilisini axtaran şair üçün dəniz topuğundandır. Bir çox qəzəlxanlardan fərqli olaraq, şair təmiz ana dilində, Azərbaycan dilinin bütün gözəlliklərindən yararlanaraq, əruzda qiymətli poeziya nümunələri yaratmağa nail olur:

 

Dünya, dedilər, səhnədir, insanlar oyunçu,

Mən oynadığım amma təmaşayə sığışmaz.

Divanə kimi çoxları səhrayə düşübdür,

Yasin elə divanədi, səhrayə sığışmaz.

 

Yasin Xəlil qəzəllərinin əsas cəhəti budur ki, o, qəzəllərdə ərəb-fars sözləri işlətmir. Əlişir Nəvai də məhz şairləri buna səsləyirdi. “Muxokamat - yl - luqo -tayn” əsərində yazırdı: “Mən əvvəlcə fars dilində şeir yazmağa başladım. Lakin bir vaxt gəldi, türk dili haqqında düşünməyə başladım... qarşımda min-min xəzinəsi olan bir aləm açıldı. Bu aləm insan ayağı dəyməmiş gül bağçasıdır. Türk dili məni məftun etdi. Qəzəl üçün türk dili  xəzinədir.”

Yasin Xəlil arxaik söz və ifadələrdən çəkinir, onun qəzəllərinin dili təmizdir. Qəhrəmanları əsasən real həyatdan alınıb, sevgiləri də gerçəkdir, lakin ilahi eşqin ünsürlərinə də rast gəlinir. Qəzəllərində təbiət, məhəbbət tərənnüm olunur, eyni zamanda ictimai mövzulara da toxunulur.

Müşahidələrimizi ümumiləşdirərək, aşağıdakı nəticəyə gəlmək olar:

1. Müasir Azərbaycan şairlərinin yaradıcılığı rəngarəng və təkrarsızdır, bir şairin şeirlərində işlənmiş yanaşmaya, məcaza digər şairin yaradıcılığında rast gəlmək mümkün deyil. Mövzu əlvanlığı və janr xüsusiyyətləri bu poeziyanı maraqlı və çəkic i edir. Özbəklərdə dahi şair Abdulla Qədiridən gəlmə bir deyim var: “Hər gülün öz rayihəsi, hər gülün öz rəngi və füsunkarlığı var.”

  1. Hər şairin öz qəhrəmanları, üslubu, yolu var. Kimi romantik, oynaq, xəfif

və maraqlı, kimi mürəkkəb, fəlsəfi üslubda yazır. Onların hər biri maarifçiliyə xidmət edir, ruhun mənəvi qidası ola biləcək əsərlərə imza atır. Bundan sonra da onlar şeirləri, qəzəllərilə oxucularının gözlərini sevindirsinlər,ruhlarını oxşasınlar.

 

Rus dilindən çevirdi: Arifə ARİFQIZI

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə