Son xəbərlər

 

Noyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda ədəbiyyatşünas, tərcüməçi və esseist Seyfəddin Hüseynli ilə Gənc Ədiblər Məktəbi (GƏM) üzvlərinin görüşü keçirilib. 

Tədbiri Birliyin katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq S.Hüseynlini iştirakçılara təqdim edib, onun haqqında fikirlərini bölüşərək, bu görüşün gənc yazarlar üçün əhəmiyyətini vurğulayıb: “Uzun illərdən bəri “525-ci qəzet”in əməkdaşı, baş redaktor müavini olan Seyfəddin Hüseynli zəngin biliyə, yazı təcrübəsinə, geniş ədəbi düşüncəyə malik ədəbiyyat adamıdır. Eyni zamanda, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru olan Seyfəddin Hüseynli həm tərcüməçi, həm də esseist kimi maraqlı, məhsuldar fəaliyyətilə seçilir. Bu səbəbdən düşünürəm ki, Seyfəddinlə görüş, birbaşa ünsiyyət sizin üçün faydalı olacaq”.

Görüşdən məmnunluğunu ifadə edən S.Hüseynli ədəbiyyata meylli gənclər üçün əlverişli mühit və şərait formalaşdırılması baxımından GƏM-in əhəmiyyətini vurğulayıb. Sonra ədəbiyyat, ədəbi yaradıcılıq, peşəkar söz adamı üçün vacib bildiyi keyfiyyətlər haqqında düşüncələrini bölüşüb: “Geniş yayılan yanlış təsəvvürə rəğmən, ədəbiyyat, ədəbi yaradıcılıq çox ciddi peşəkarlıq keyfiyyətləri tələb edir. Sistemli mütaliə olmadan, özünəqədərki ədəbi irsi mümkün qədər ətraflı öyrənmədən, bu işin başlıca prinsiplərinə, yazmağın heç olmasa ümumi “reseptlər”ini bilmədən peşəkar ədəbiyyat adamı olmaq mümkün deyil. Çox zaman, ədəbi yaradıcılıqda əsas, hətta yeganə meyar kimi istedadı götürürlər. Ancaq gəlin görək, hansı sənət, hansı peşə üçün istedad vacib deyil ki?! İstedad, həvəs, bəlli ölçüdə qabiliyyət işin təməli, ibtidai əsasıdır. Az-çox bacarığı olan istənilən adam dəmirdən, taxtadan öz yəqinində nəsə düzəldə bilər bəlkə. Amma bu işin peşəkarı kimi tanınan dəmirçilər, dülgərlər var. Eləcə də həkim, memar, rəssam və başqa peşələrin sahibləri bu sahəyə aid elementar işləri görə bilən adamlardan öz peşəkarlığı ilə seçilirlər, daha üstündürlər. Eynilə bunun kimi, peşəkar ədəbiyyat adamını, yazıçını, şairi, tərcüməçini də bu işlərlə ibtidai, həvəskar səviyyədə məşğul olanlardan bir sıra zəruri keyfiyyətlər fərqləndirir. Usta ədəbiyyatçını tanımağın, peşəkar ədəbi yaradıcılığı dəyərləndirməyin bəlli ölçüləri, meyarları var. Həm də bunlar yeni məsələlər deyil, çoxdan ortaya qoyulub. Sadəcə, bizim cəmiyyətdə belə məsələlərə bir az laübali münasibət, adətən, ədəbiyyatın, peşəkar ədəbi yaradıcılığın ziyanına işləyən ifrat sərbəstlik meyli hökm sürür”.

S. Hüseynli deyib ki, digər sahələr kimi ədəbiyyatın da inkişafı, gələcəyi yeni nəsillərin gəlişinə bağlıdır: “İstənilən sahəyə yeni nəsillər gəlmirsə, onun sabahından, davamlılığından söhbət gedə bilməz. Əks halda, o peşəni elə də uzaq gələcəkdə yox, lap yaxın vaxtda iflas gözləyir. Bu baxımdan, ədəbiyyat sahəsində də gənclərin gəlişi, yeni nəsillərin, yeni dalğanın yaranması həyati əhəmiyyət daşıyır. Yaxşı haldır ki, bizdə ədəbiyyata yeni nəsil axını həmişə olub, indi də var. Bu həm də ondan irəli gəlir ki, Azərbaycanda sözün, sözə bağlı yaradıcılığın həmişə nəsə xüsusi bir statusu, ayrıca bir mövqeyi olub. Ancaq bunun xoşa gəlməyən bir tərəfi də var ki, özfəaliyyətə, diletantlığa da yol açır. Nəticəsi də bu olur ki, ədəbi yaradıcılıq bəlli ölçüdə dəyərdən, ədəbiyyat adamı da gözdən düşür. Ədəbiyyatçılıq, yazıçılıq, şairlik bir anlayış kimi cəmiyyətin nəzərində zədələnir”.

S. Hüseynlinin fikrincə, dünyanın böyük ədəbi fikir adamları peşəkar ədəbi yaradıcılıq üçün müəyyən suallara mütləq aydın, dəqiq cavablar tapılmasını zəruri sayıblar: “Bu mövqelərində də tamamilə haqlıdırlar. Çünki peşəkar ədəbiyyat adamı, müəllif olacaq kəs, ən azı, “nə yazmaq”, “necə yazmaq”, “niyə yazmaq”, “kim üçün yazmaq” və bu kimi daha bir neçə sual ətrafında ciddi-ciddi düşünməlidir. Bu barədə özlüyündə bəlli bir qərara, rəyə gəlməlidir. Bütün bu suallar peşəkar ədəbi yaradıcılıqda janr, üslub, ideya, əsərin funksionallığı kimi vacib mətləbləri ehtiva eləyir. Bunlarsız uğurlu əsər yaratmaq mümkün deyil”.

Söhbət əsnasında S.Hüseynli gənc yazarların ədəbi cərəyanlar, janrlar, yaradıcılıqda konseptuallıq, müasir ədəbi proses, nəsr, poeziya və esseistikamızın hazırkı durumu barədə çoxsaylı suallarını cavablandırıb.

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə