Son xəbərlər

 


Mayın 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda "Ədəbiyyat qəzeti"nin illik əlavəsi olan "Ədəbiyyat" jurnalının təqdimat mərasimi keçirilib.



Tədbiri AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca açaraq bildirib ki, ədəbiyyatımızın flaqmanı, uzun yollardan keçib gələn "Ədəbiyyat qəzeti" ədəbi proseslərdə mühüm rol oynayır: "Qəzetin baş redaktoru Azər Turan qəzetin ədəbi imicini qoruyur, inkişaf etdirir".

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan qəzetin illik əlavəsi haqqında danışaraq deyib ki, mədsəd qəzetin daxili mənzərəsini oxuculara təqdim etmək olub: "Sizlərə göstərmək istəyirdik ki, "Ədəbiyyat qəzeti” oxucularının görüşünə həmişə bu cür ciddi, sanballı yazılarla gəlir. Həmçinin bunu da söyləmək istədik ki, çağdaş Azərbaycan ədəbiyyatı seçkin ədəbiyyatdır və çağdaş Avropa ədəbiyyatından heç bir halda geri qalmır. Artıq ilyarımdır ki, "Ədəbiyyat qəzeti" 32 səhifə həcmində nəşr olunur. Bu, ümumiyyətlə, "Ədəbiyyat qəzeti" tarixində ilk hadisədir".

Akademik İsa Həbibbəyli qəzetdə mövzu müxtəlifliyini və keyfiyyətli yazıların dərcini yüksək qiymətləndirib: "Ədəbiyyat qəzeti"nin yeni tarixi mərhələsi yaşanır. Bunun da bir sıra xüsusi səbəbləri var. İlk olaraq müstəqillik illəri və bundan yararlı istifadədir. İkincisi isə janr müxtəlifliyidir. "Ədəbiyyat qəzeti"ndə ənənədən gələn yazılardan daha çox modern yazılar yer alır. "Ədəbiyyat qəzeti" öz ətrafında yeni bir nəsil də formalaşdırır. Bu onu göstərir ki, qəzet milli mənada ideoloji istiqamətini düzgün təyin edib".

Tənqidçi Rüstəm Kamal qəzetin son dönəmki fəaliyyətindən danışıb: "Azərbaycan xalqının yaddaşı ədəbiyyat yaddaşıdır. Yəni, xalq şairini, yazıçısını nə qədər yaddaşında saxlayırsa, o xalqın tarixi də o qədər uzunömürlüdür. Bu mənada bizdə elə ədəbi orqanlar var ki, onların varlığı məhz bu missiyaya xidmət edir. Heç şübhəsiz ki, "Ədəbiyyat qəzeti" mədəniyyət tariximizə, tarixi yaddaşımıza daxil olan ədəbi orqanlardan biridir. Qəzet son illər Azərbaycan ədəbiyyatında və ədəbi-kulturoloji fikrində bir canlanma yaradıb".

Tədbirdə şairlər Musa Yaqub, Ramiz Rövşən, yazıçı Mövlud Süleymanlı, professor Nizami Cəfərov və başqaları da çıxış ediblər.

Qeyd edək ki, təqdimat çərçivəsində "Əli bəy Hüseynzadə" mükafatı laureatlarının adları da açıqlanıb. Mükafatlar Rüstəm Kamal, İlqar Fəhmi, İradə Musayeva, Elnarə Akimova, Mətanət Vahid, Kənan Hacı, Günel Eyvazlı, Əyyub Qiyas və Sərvaz Hüseynoğluya təqdim edilib.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə